Zaman keçdikcə qorxular ağırlaşa və ya fobiya halına çevrilə bilər. Təəssüf ki, bu vəziyyət heç də ətrafdakılar tərəfindən anlayışla qarşılanmır. Ən çox yayılan qorxu tüklü heyvanlara qarşı olan fobiyalardır. Uşaqlıqda alınan travma ilə əlaqədar yaranan fobiyalar isə müxtəlif yaşlarda özünü büruzə verə bilər.
“Zoofobiyaya əsasən it, pişik və böcəklər səbəb olur və ondan əziyyət çəkənlər it və pişiklərin qidalandığı yerə gedə və qorxduqları heyvanı televizorda izləyə bilmirlər. Hər hansı bir travma alanda, tutaq ki, heyvan sürtünməsindən qorxan və onunla təmas zamanı kiçik bir toxunuşdan aldığı qorxu yaşlandıqca həmişə vahimə oyadır. Zoofobiyası olanlar, hətta həmin heyvanın gözünə baxa bilmir, bizi əhatə edən ev heyvanları ilə rastlaşanda da əziyyət çəkirlər. Təəssüf ki, əksər hallarda ətrafdakılar zoofobiyası olanları təəccüblə qarşılayır və onları lağa qoyurlar. Bu cür davranış isə qorxu üzərində yeni bir qorxu gətirir və onu daha da gücləndirir”. Bu fikirləri SİA-ya Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloqun sözlərinə görə, fobiyası olanlarda qorxu yaradan səbəblərə gülmək, lağ etmək, məsxərəyə qoymaq vəziyyəti daha da gərginləşdirə bilər. Fobiya daha ağır formadadırsa, mütəxəssislərə müraciət etmək lazımdır: ”Fobiyanı yaradan səbəblər araşdırılmalı və onun aradan qaldırılması üçün yollar tapılmalıdır. Hətta dərman terapiyasından da istifadə edildiyi hallar olur. Lakin nəzərə almaq lazımdır ki, belə fobiyası olanların çox üzərinə getmək olmaz. Onların davranışlarını müxtəlif cür yozub onları kompleksə salmaq lazım deyil. Onsuz da onlarda qorxu hissi var və bunun mənbəyini axtarıb tapmaq və sinir sisteminə təsir edən davranışlardan xilas olmaq üçün onlara yardım göstərmək lazımdır”.
Psixoloq həmçinin qeyd edib ki, zoofobiyanın səbəbləri müxtəlif olduğu kimi müalicəsi də müxtəlifdir, adətən, psixoterapevt və nervopotoloqla bir yerdə farmakoloji müalicə olunur: “Müasir dövrdə elə oyuncaqlar var ki, heyvanlara bənzəyir, onlara toxunmaq, yanında durmaqla qorxu hissini müəyyən dərəcədə azaltmaq və koqnektiv terapiya ilə müalicə aparmaq olar. Müalicə olunmadıqda fobiya o qədər kəskinləşə bilər ki, insanlar qorxduqları heyvanla qarşılaşma qorxusundan evdən çıxmaya, panik atak keçirə və müxtəlif xəstəliklərlə üzləşə bilərlər.
Fobiyası olanlarda qorxu ürək döyünməsi, baş gicəllənməsi, üz qızarması, soyuq tərləmə, titrəmə, huşunu itirmə, şok və daha ağır formalarda müşahidə olunur. Fobiya əsəb pozuntusuna və ən pis halda nevroza səbəb ola bilər. Ona görə də şəxsi iradə ilə məğlub edilməyən fobiyaları aradan qaldırmaq üçün mütəxəssis müdaxiləsinə ehtiyac var”, - deyə Y.Əsgərova fikrini tamamlayıb.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB