"Psixoloji sağlamlığı qorumağın əsas yolu disiplin və yaxşı əməllərdir" - PSİXOLOQ DANIŞDI

"Psixoloji sağlamlığımızı qorumaq üçün birinci növbədə yuxu və qida rejimimizə ciddi şəkildə riayət etməliyik. Rejim həyatımızın disiplin və nizam hissəsinin vacib elementidir. İnsan disiplinsiz olduqda bütün həyat prosesləri dəyişir, rahatlığı pozulur və bu, digər insanların da rahatlığına təsir edir. Nəticədə həmin neqativ enerji ona qayıdır". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, çalışmaq lazımdır ki, həyatımızda olan neqativ insanları uzaqlaşdıra bilək: "Əgər bu insanlar çox yaxın insanlardırsa, onları daha müsbətə kökləmək üçün yardım göstərməliyik. Həyatda hər şey bumeranq kimidir: etdiyimiz hər bir yaxşılıq və ya pislik bizə geri dönür. Bu səbəbdən psixoloji sağlamlığımızı qorumağın əsas yollarından biri başqalarına yaxşılıq etmək, gözəl əməllər göstərmək və öz həyatımızı da gözəlləşdirməkdir. İnsan təşəkkür aldıqda və gözəl sözlər eşitdikdə ruhsal olaraq xoşbəxt olur. Bundan əlavə, özünə zaman ayırmaq, nə istədiyini tapmaq, şəxsi inkişaf ilə məşğul olmaq, musiqi dinləmək, təmiz havada olmaq və yürüyüş etmək psixoloji və fiziki sağlamlığımıza müsbət təsir göstərir. Həmçinin, meditasiya və nəfəs məşqləri kimi sadə texnikalar stresin azaldılmasına kömək edir, zehnimizi sakitləşdirir və gün ərzində enerjimizi balanslaşdırır. Sosial əlaqələri gücləndirmək, dostlar və ailə ilə keyfiyyətli zaman keçirmək, həmçinin hobbilərlə məşğul olmaq da ruh halımızın stabilliyini təmin edir. Nəticədə psixoloji sağlamlıq həm fiziki, həm də emosional balansla bağlıdır. Disiplin, yaxşılıq, şəxsi inkişaf və aktiv həyat tərzi — bunlar birgə olaraq insanın həm daxili harmoniya hissini gücləndirir, həm də həyatın çətinlikləri ilə daha uğurla mübarizə aparmasına şərait yaradır".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə