Qış depressiyasını necə aradan qaldırmaq olar?

Qış depressiyası tibdə, adətən, payızın sonunda başlayan, qış boyunca davam edən, yaz-yay ayları yaxınlaşdıqca tamamilə yox olan xəstəlikdir. Bu, adi qış kədərindən fərqli olaraq, daha ciddi və funksionallığa təsir edə bilən vəziyyətdir.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qış depressiyasının əsas əlamətlərinə kədərlənmək, enerji itkisi, davamlı yorğunluq, gündəlik fəaliyyətlərə marağın azalması, çox yatmaq, artan aclıq və karbohidratlara qarşı güclü istək, çəki artımı, sosial əlaqələrdən çəkilmə, konsentrasiya və qərarvermədə çətinlik, ümidsizlik hissi daxildir. Bu simptomlar bir neçə həftə və ya uzun müddət davam edərsə, peşəkar yardım almaq vacibdir. Qış depressiyasına səbəb gün işığının azalması, bioloji saatın pozulması, serotonin səviyyəsinin azalması, D vitamininin çatışmazlığı ola bilər. Bu dəyişikliklər bədənin “bioloji saatı”nı qarışdırır və qaranlıq, soyuq havada daha yuxulu, enerjisiz və məyus hiss etməyə səbəb olur.

Qış depressiyasını yüngülləşdirmək və idarə etmək üçün işıq terapiyası və D vitamini əlavəsinin qəbulu kimi müxtəlif üsullar mövcuddur. Həmçinin yaxşı qidalanma, müntəzəm fiziki aktivlik və gündəlik həyat ritmlərini saxlamaq depressiyanın təsirlərini yüngülləşdirə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə