Sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə edilən artımlar AÇIQLANIB - Zəka Mirzəyev

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2025-ci ildə həyata keçirdiyi sosial müdafiə tədbirlərinin nəticələri və 2026-cı il üzrə hədəflərinə dair mətbuat konfransı keçirilir.

SİA xəbər verir ki, fondun İdarə Heyətinin sədri Zəka Mirzəyev Prezident cənab İlham Əliyevin sosial sahəyə xüsusi qayğısının nəticəsi olaraq ötən il ölkəmizdə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat zərfinin reallaşdırıldığını vurğulayıb.

Zəka Mirzəyev qeyd edib ki, 3 milyon vətəndaşı əhatə edən və illik əlavə olaraq 1,4 milyard manat vəsaitin ayrıldığı bu islahat zərfi çərçivəsində ötən il əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlərin də artırılması təmin edilib. Keçən ilin əvvəlindən pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb və 1,1 milyon pensiyaçını əhatə edən bu artımlar üçün illik əsasda 520 milyon manat vəsait ayrılıb. Həmçinin fərdi şəxsi hesablardakı pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb. Ötən il fevralın 1-dən isə minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

Zəka Mirzəyev həmçinin sosial islahat paketi çərçivəsində müavinət və təqaüdlərdə edilən artımları, dövlətimizin başçısının Sərəncamı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 2025-ci il 30 dekabr tarixinə ünvanlı sosial yardım alan ailələrə 200 manat birdəfəlik maddi yardım ödənildiyini diqqətə çatdırıb.

2025-ci ildə Fondun xərclərinin əvvəlki ilə nisbətən 9 faiz və ya 629 milyon manat artaraq 7,5 milyard manat təşkil etdiyi qeyd olunub. Orta aylıq pensiyanın ötən il daha 9 faiz artaraq 543 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın 578 manata çatdığı, pensiyalarda artım dinamikasının bu il də davam edəcəyi vurğulanıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə