”Cütlüklərin nikahdan əvvəl psixoloji müayinə olunması son dərəcə vacib bir məsələdir. Çünki ailə yalnız hüquqi və ya maddi birlik deyil, eyni zamanda iki fərqli dünyagörüşünün, xarakterin və emosional ehtiyacların bir araya gəlməsidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, əgər iki insan bir-birinin düşüncə tərzini, hisslərini və davranışlarını anlamırsa, bu uyğunsuzluq zamanla dərin anlaşılmazlıqlara, münaqişələrə və emosional uzaqlaşmaya səbəb ola bilər:
“Psixoloji müayinə cütlüklərə özlərini və qarşı tərəfi daha yaxşı tanımaq imkanı yaradır. Bu proses zamanı tərəflərin ünsiyyət bacarıqları, problem həll etmə üsulları, stressə və məsuliyyətə yanaşmaları, dəyərləri və gözləntiləri üzə çıxır. Xüsusilə əsas psixotiplərin bir-birinə uyğun olması ailə həyatının sağlam və davamlı olması üçün mühüm rol oynayır. Tamamilə eyni olmaq vacib olmasa da, fərqliliklərin qəbul edilə bilən və tarazlaşdırıla bilən səviyyədə olması önəmlidir.
Nikahdan əvvəl aparılan psixoloji dəyərləndirmə gələcəkdə yarana biləcək problemlərin qarşısını əvvəlcədən görməyə və onlara hazır olmağa kömək edir. Bu, cütlüklərə qarşılıqlı hörmət, empatiya və anlayış əsasında möhkəm münasibət qurmaq üçün sağlam bir təməl yaradır. Nəticə etibarilə, psixoloji uyğunluq üzərində qurulan ailələr daha sabit, daha xoşbəxt və uzunömürlü olur”.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB