ADSEA-nın qurumuna yeni rəis müavini təyin olunub

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) yeni rəis müavini təyin olunub.

SİA xəbər verir ki, ADSEA sədri Zaur Mikayılovun əmrinə əsasən, bu vəzifəyə Əliağa Əzizov təyinat alıb.

Yeni rəis müavini kollektivə təqdim edilib.

Xidmət rəisi Rafiq Aslanov qeyd edib ki, dünən ölkə başçısının rəhbərliyi ilə keçirilmiş müşavirə Azərbaycanın su təhlükəsizliyi sahəsində aparılan islahatların strateji əhəmiyyətini bir daha göstərdi:

"Prezidentin Sərəncamı ilə təsdiq olunmuş Milli Su Strategiyası artıq icra mərhələsində konkret nəticələr verməkdədir və içməli su təminatı, su itkilərinin azaldılması, su-kanalizasiya və yağış suları infrastrukturunun inkişafını prioritet istiqamət kimi müəyyən edir".

Rəis müavini Əliağa Əzizov etimada görə təşəkkürünü bildirib və üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini vurğulayıb.

Qeyd edək ki, Əliağa Əzizov 2020-ci ildən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də baş məsləhətçi, 2023-cü ildən ADSEA-da "Elm və innovasiya" sektorunun müdiri, 2025-ci ildən isə şöbə müdir müavini vəzifəsində çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə