"Bürclər və qravitasiya, yəni cazibə, ümumdünya cazibə qanununa uyğun olaraq ulduzların, ayın, planetlərin yer kürəsinə, günəşə, bizim qalaktikaya olan təsiri sözsüzdür. Amma bunu daha çox lokallaşdırıb, insanlar üzərində, hər hansı bir bürcdə doğulmuş şəxs üzərinə yönəltmək qəti olmaz və bu savadsızlığın bir növ fırıldaqvari formasıdır". Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kultroloq, sosioloq Aydın Xan Əbilov deyib.
Onun sözlərinə görə, ulduzlar, kainat, qalaktikalar, bizə yaxın olan planetlər, Ay və digər Günəş sistemləri sözsüz ki, yer kürəsinə, onun hərəkətinə, Günəş sisteminə, ümumiyyətlə, qravitasiya, yəni cazibə təsiri ilə çoxdan elmə məlum olan ümumdünya qanunları əsasında təsir göstərir: " Amma bu o demək deyil ki, bu qədər böyük kainat, milyardlarla ulduz və səma cismi gəlib hər bir fərdi insana təsir göstərə bilər. Bəlkə Ayın müəyyən təsiri var. Bu da elmi cəhətdən müəyyən qədər izah olunur: sağlamlığımıza, suyun hərəkətinə, maqnit dalğalarına və s. təsirləri mövcuddur. Günəşin də oxşar təsiri var. Amma ümumiyyətlə götürəndə çox gülməlidir ki, neçə milyon işıq ili uzaqlıqda yerləşən və işığı bizə neçə milyard ilə çatan hansısa səma cismi gəlib milyardlarla insanın hər birinə bir gün ərzində təsir göstərə bilsin. Və yaxud hansısa ayda, ildə doğulmuş bir şəxsə xüsusi təsir etsin. Bu, elm tərəfindən izah olunmayan, təcrübə ilə təsdiqlənməyən və ümumilikdə savadsızlıq, məlumatsızlıq və zəif düşüncə nəticəsində ortaya atılmış bir hadisədir. Keçmişdə münəccimlər olub, onlar daha çox saraylarda fəaliyyət göstəriblər. Ulduzların təsiri ilə bağlı hökmdarlara “xidmət” göstəriblər. Onlar bu sənəti elə incəliklə, fırıldaqla və özlərinə xas sehrbazlıqla icra ediblər ki, onların sirrini çox az adam başa düşə bilib. Bunu başa düşənləri də bəzən aradan götürüblər. Bürclərlə bağlı miflər yaradılıb. İndiki süni intellekt, elmi-texnoloji tərəqqi dövründə belə şeylərə inanmaq, əgər insan elmdən uzaqdırsa, bürclər, kainat, cazibə qanunu, insan təbiəti, fizioloji və psixoloji xüsusiyyətlər barədə heç nə bilmirsə, onu müxtəlif boş inanc və xurafata yönəldə bilər. Hətta küçədən bir pişiyin keçməsi ilə həyatında nəsə dəyişəcəyini düşünənlər də buna daxildir.
Düşünürəm ki, intellektual və sosial savadsızlıq, elmi marağın olmaması və tənbəllik bürcülərə inanan insanların sayının artmasına səbəb olur. İndiyə qədər hansısa bürcün konkret insan həyatı üzərində birbaşa təsirini sübut edən fakt yoxdur. Bənzərliklər ola bilər, bu da normaldır. Amma bu, bürclərlə bağlı deyil.
Kainatda ümumi qanunlar var. Qalaktikalardan tutmuş insan cəmiyyətinə qədər hər şey bir-birinə təsir edir. Hətta insan düşüncəsinin özü də kainatdakı bəzi proseslərə təsir edə bilər. Amma hansısa bürcün konkret insana təsiri və bu əsasında həyatını planlamaq bu, bayağılıqdır. Bürclərə inanmaq, ekstrasenslərə bel bağlamaq elmi və texnoloji inkişafdan imtina etmək deməkdir. Belə adamlar uğursuzluğa məhkumdur. İstənilən bürcdə doğulan şəxs əgər məqsədli, çalışqan və ardıcıl olarsa, mütləq uğur qazanacaq. Amma günlərlə evdə oturub, sadəcə ümid edib ki, “bürcüm yaxşıdır, lotereyada udacağam”, bu gülüncdür. Hətta zarafatla demək olar ki, Allah belə deyər: “Heç olmasa qalx ayağa, bir on manatlıq lotereya al ki, mən də sənin bəxtini açım”.
İctimai düşüncəyə bürclər vasitəsilə təsir etmək, bu gün həm siyasi, həm iqtisadi, həm də marketinq strukturlarının əlində bir alətə çevrilib. Seçkilər zamanı, iqtisadi çətinliklər dövründə, inflyasiya zamanı və s. insanlar diqqəti əsas problemlərdən yayındırmaq üçün bürclərə yönəldilir. Bürclərə inanmaq insanın öz həyatını məhv etməsi deməkdir. İnsan elmə, zəhmətə, bacarığa, təcrübəyə əsaslanmalıdır. Qalan hər şey sadəcə boş və təhlükəli illüziyadır".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB