“Qeyri-rəsmi icarə münasibətləri ciddi risklər yaradır” - EKSPERT DANIŞDI

“Monitorinq mexanizmlərinin tətbiqinə başlanılmasına baxmayaraq, daşınmaz əmlak sektorunda vergi yayınmaları hələ də qalmaqdadır”. Bu sözləri SİA-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib.
Onun sözlərinə görə, müsbət məqam ondan ibarətdir ki, vergi qanunvericiliyində müəyyən yumşaldıcı dəyişikliklər edilmiş, xüsusilə mənbədən tutulan vergi dərəcəsi 14 faizdən 10 faizə endirilmişdir:

”Bu dəyişikliklər dövlətin məqsədinin cəzalandırmadan daha çox stimullaşdırma olduğunu göstərir.

Daşınmaz əmlak bazarında, xüsusilə fərdi yaşayış evlərinin kirayə verilməsi sahəsində qeyri-leqal fəaliyyətin geniş yayılması kölgə iqtisadiyyatının mühüm hissəsini formalaşdırır. Kirayə verənlərin böyük əksəriyyəti bu fəaliyyəti rəsmi qeydiyyatdan kənar həyata keçirir ki, bunun da əsas səbəblərindən biri vergi yükünün vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsidir. Nəticədə, vergi öhdəliklərindən yayınma halları artır.

Vergi dərəcələrinin azaldılması və daha çevik mexanizmlərin tətbiqi bu sahədə davranış modellərini dəyişə, daha çox vətəndaşı leqal şəkildə icarə münasibətlərinə cəlb edə bilər. Bu isə həm vergi bazasının genişlənməsinə, həm də tərəflər arasında hüquqi münasibətlərin formalaşmasına şərait yaradar.

Hazırkı qeyri-rəsmi icarə münasibətləri həm kirayə verən, həm də icarəyə götürən üçün ciddi risklər yaradır. Kirayə verən üçün əsas problemlər ödənişlərin gecikdirilməsi, mənzilə maddi ziyanın vurulması, oğurluq, yanğın və ya subasma kimi hallarla bağlı məsuliyyətin hüquqi mexanizmlərlə tənzimlənməməsidir. Digər tərəfdən, icarəyə götürən şəxslər rəsmi qeydiyyata düşə bilməmək, icarə haqqının xəbərdarlıq edilmədən artırılması və ya gözlənilmədən mənzilin boşaldılması tələbi ilə üzləşə bilirlər.

Bu problemlərin aradan qaldırılmasının əsas yolu rəsmi icarə müqavilələrinin bağlanması və vergi öhdəliklərinin yerinə yetirilməsidir. Rəsmi müqavilə mövcud olduqda, icarəyə götürən tərəf üçün ciddi hüquqi risklər yaranmır; uzun müddət həmin ünvanda yaşadığı halda faktiki qeydiyyat məsələsi müəyyən iradlara səbəb ola bilsə də, bu hal inzibati məsuliyyət və ya cərimə ilə nəticələnmir. Əsas məsuliyyət isə vergi öhdəliklərini yerinə yetirmədiyi təqdirdə kirayə verən tərəfin üzərinə düşür.

Vergi siyasətində aparılan islahatlar və icarə münasibətlərinin hüquqi çərçivədə tənzimlənməsi kölgə iqtisadiyyatının azaldılması, sosial ədalətin təmin olunması və daşınmaz əmlak bazarında sabitliyin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə