Bakının Süleyman Vəzirov küçəsində yenidənqurma işləri başa çatdırılıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "Ağ şəhər" yol infrastruktur layihələri çərçivəsində Bakının Süleyman Vəzirov küçəsinin bir hissəsində yenidənqurma işlərini başa çatdırıb.

SİA agentliyə istinadən xəbər verir ki, yenidənqurma işləri Xəqani Rüstəmov küçəsi ilə kəsişmədən Babək prospektinə qədər olan ərazini əhatə edib.

Uzunluğu 1 100 metr olan sözügedən küçədə hərəkət hissəsinin eni 14 metr təşkil edir. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin parklanmasının təmin olunması məqsədilə 2,5 metr enində xüsusi parkinq zolaqları yaradılıb.

Ərazidə yeni asfalt-beton örtüyü döşənib, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün müasir standartlara uyğun işıqforlar və siqnal dirəkləri quraşdırılıb.

Bununla yanaşı, mövcud piyada səkiləri bərpa olunub, zəruri ərazilərdə yeniləri inşa edilib, 5 metr enində yeni piyada səkiləri tikilib və səki hissələri bəzək daşları (tamet) ilə örtülüb.

Aidiyyəti üzrə "İnşaat Norma və Qaydaları"nın tələblərinə uyğun olaraq yol nişanları quraşdırılıb, yol cizgiləri, yolgöstəricilər və piyada keçidləri çəkilib.

Aparılan kompleks yenidənqurma işlərindən sonra Süleyman Vəzirov küçəsinin qeyd olunan hissəsi müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə