Yağışlı və tutqun hava şəraiti psixologiyamıza necə təsir edir ? - PSİXOLOQ AÇIQLADI
"Yağışlı və tutqun hava şəraiti psixoloji baxımdan insanlara çox fərqli formalarda təsir göstərə bilir. Bu təsirin necə olacağı isə əsasən insanın daxili psixoloji vəziyyətindən, emosional tarazlığından, xarakterindən və həyata baxış tərzindən asılıdır. Bəzi insanlar belə havaları “romantik”, “dinləndirici” və “ruha yaxın” kimi dəyərləndirir, digərləri isə eyni hava şəraitində özlərini sıxılmış, kədərli və hətta ümidsiz hiss edə bilirlər". Bu sözləri SİA-ya aıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, bu fərqliliyin kökündə əsasən nevroloji sistemimiz və psixi durumumuz dayanır:
"Gün işığının azalması, havanın qaranlıq və boz olması beyində serotonin kimi “xoşbəxtlik hormonlarının” azalmasına səbəb ola bilər. Xüsusilə depressiya yaşayan və ya depressiyaya meyilli olan insanlarda bu cür hava şəraiti daha güclü mənfi emosiyalar yarada bilər. Onlar özlərini səbəbsiz yerə sıxıntılı, halsız, motivasiyasız hiss edə, hətta bəzən təşviş və panik hisslər yaşaya bilərlər. Bu zaman hava, əslində, problemin səbəbi yox, mövcud psixoloji durumun üzə çıxmasına səbəb olan bir faktor rolunu oynayır.
Digər tərəfdən, psixoloji cəhətdən özünü daha stabil və sağlam hiss edən insanlar üçün yağışlı və tutqun hava tam əks təsir göstərə bilər. Belə insanlar bu havanı sakitləşdirici, stress azaldan və düşünməyə imkan yaradan bir şərait kimi qəbul edirlər. Onlar üçün bu cür günlər özləri ilə baş-başa qalmaq, planlar qurmaq, daxili dünyalarını dinləmək və yeni ideyalar üzərində düşünmək üçün fürsətə çevrilir.
Bu təsirlər insanın xarakteri ilə də sıx bağlıdır. Məsələn, introvert insanlar-yəni daha çox daxili aləminə yönəlmiş, sakitliyi sevən şəxslər-bəzən belə havalarda özlərini daha qapalı və tənha hiss edə bilərlər. Lakin bəzi introvertlər üçün bu hava tam əksinə, rahatlıq və təhlükəsizlik hissi yarada bilər. Ekstravert insanlar isə-sosial əlaqələri və hərəkətli mühiti sevənlər-günəşsiz və tutqun havalarda enerjilərinin azaldığını hiss edə bilərlər, amma bəziləri üçün bu da bir fasilə və dincəlmə fürsəti ola bilər.
Xüsusilə yaradıcı insanlara gəldikdə, tutqun və yağışlı hava çox vaxt ilham mənbəyinə çevrilir. Musiqiçilər, şairlər, yazıçılar və rəssamlar belə havalarda daha dərin hisslər yaşayır, emosiyalarını sənət vasitəsilə ifadə etmək ehtiyacı duyurlar. Bu cür hava onların düşüncələrini sakitləşdirir, daxili duyğularını daha aydın hiss etmələrinə kömək edir və yaradıcılıqlarını gücləndirir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB