Qeyri-iş günlərində Azərbaycanda 2100-dən çox sığorta hadisəsi qeydə alınıb
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni illə əlaqədar 31 dekabr – 4 yanvar qeyri-iş günlərində ölkədə 2 mindən çox sığorta hadisəsi və müvafiq olaraq 1 milyon manatdan çox zərər qeydə alınıb.
Bu barədə SİA-ya “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyindən bildirilib.
Qeyd edilib ki, ölkə əhalisinin bayram şənlikləri və bayram səyahətləri zamanı müxtəlif bədbəxt hadisələr qeydə alınmış və sözügedən hadisələr nəticəsində sığortalanmış avtonəqliyyat vasitələrinə, o cümlədən daşınar və daşınmaz əmlaklara ciddi zərər dəyib.
Azərbaycan Sığortaçılar Assosiasiyasının yerli sığorta bazarı iştirakçılarından aldığı bu günə olan son dəqiq məlumatlara görə, 31 dekabr 2025-ci il – 4 yanvar 2026-cı il tarixləri aralığında baş vermiş hadisələrlə bağlı 9 qeyri-həyat sığortası şirkətinə ümumilikdə 2156 sığortalı müraciəti daxil olub. Bu müraciətlərin 1876-sı “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 260-ı “Kasko” sığorta növü, 15-i “Daşınmaz əmlakın icbari sığortası” növü, 5-i isə “Əmlakın yanğından və digər risklərdən sığortası” növü üzrə baş vermiş sığorta hadisələri ilə bağlı olub.
Məlumatlara görə, 1237 hadisə üzrə ehtimal olunan zərər məbləği 1 milyon 243 min 223 manat həcmində müəyyənləşdirilib. Qalan 919 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi davam edir.
Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra ümumi zərər məbləği həcminin 2 milyon manatı ötəcəyi ehtimal olunur.
Hesabat dövrü ərzində sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin 70 faizi paytaxt Bakıda, 30 faizi isə respublikamızın şimal dağətəyi ərazilərində qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB