Qazdan zəhərlənmələrdə məsuliyyət vətəndaşların, yoxsa aidiyyəti qurumlarınmıdır ? - SORĞU

Son vaxtlar ölkədə qazdan zəhərlənmə halları ilə bağlı xəbərlərin artması cəmiyyətdə ciddi narahatlıq doğurur. Xüsusilə qış aylarında qazdan istifadə intensivləşdikcə bu cür hadisələrin baş verməsi həm təhlükəsizlik məsələlərini, həm də məsuliyyət mövzusunu yenidən gündəmə gətirir. Baş verən hər bir hadisə ictimai müzakirələrə səbəb olur və sual yaranır: bu kimi hallarda əsas məsuliyyət kimə düşür – vətəndaşlara, yoxsa qaz təchizatı və təhlükəsizliyinə nəzarət edən aidiyyəti qurumlara? Bir tərəfdən bildirilir ki, vətəndaşlar qaz avadanlıqlarından istifadə zamanı daha diqqətli olmalı, təhlükəsizlik qaydalarına əməl etməli və nasazlıqlar zamanı özbaşına müdaxilə etməməlidirlər. Digər tərəfdən isə qazın keyfiyyəti, təzyiqi, sayğacların işləmə mexanizmi, eləcə də avadanlıqların quraşdırılması və mütəmadi yoxlanışı birbaşa aidiyyəti qurumların məsuliyyət sahəsinə aid edilir. Məhz bu ziddiyyətli yanaşmalar fonunda ictimai rəydə də fərqli mövqelər formalaşır. SİA-da bu məsələ ilə bağlı şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini Nəsimi Atakişiyev: "Hesab edirəm ki, hər iki tərəfdə günah var. Birinci, qaz işçiləri vətəndaşları düzgün təlimatlandırmalıdır. Vətəndaşların da günahı odur ki, ondan düzgün istifadə eləmirlər. Çox vaxt da “qustar” üsulla qaz çəkirlər və ya qaza müdaxilə etməyə çalışırlar. İxtisaslı usta çağırmırlar. Yəni, özləri necə gəldi, elə. Buna görə də bu hadisələr baş verir. Tək qazda deyil, suda da belədir, işıqda da belədir. Vətəndaşlar da məsuliyyət daşıyır, eyni zamanda da ona cavabdeh şəxslər, təşkilatlar da məsuliyyət daşımalıdırlar. Onlar da düzgün işlərini aparmalıdır, vətəndaşlarla söhbətlər aparmalıdır. Harada qanunsuz hal varsa, onları dərhal aradan qaldırmalıdırlar. Şəxsən bizdə mexaniki sayğacdır. Qabaqlar smart idi, amma mənə elə gəlir ki, mexaniki daha yaxşıdır. Çünki orada nə qaz kəsilmə var, vaxtı-vaxtında ödəyirsən, qazın da kəsilmir".

Şəhər sakini İradə Əhmədova: "Qazla zəhərlənmə hallarında vətəndaşları günahlandırmaq düzgün deyil. Çünki əhalinin istifadə etdiyi qazın keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edən qurumlar var və məsuliyyət məhz həmin strukturların üzərinə düşür. Ev təsərrüfatlarına verilən qazın tərkibi, təzyiqi və fasiləsizliyi ciddi nəzarətdə olmalıdır. Əgər bu sahədə problem yaranırsa, bunun nəticələrinə görə sadə vətəndaş cavabdeh ola bilməz. Yeni il günündə onların evində hər hansı ciddi problem yaşanmasa da, mediada oxuduğu xəbərlər onu ciddi narahat edib. Xüsusilə qazın smart sayğac kartlarında yaranan texniki problemlər səbəbindən bir çox ərazilərdə qaz təchizatının dayandırılması insanların gündəlik həyatına ciddi çətinliklər yaradıb. İnsanlar bayram günlərində yemək bişirmək, evlərini isitmək və ailələri üçün normal şərait yaratmaq məqsədilə qazdan istifadə etməli idilər. Qazın olmaması isə bu imkanları faktiki olaraq məhdudlaşdırıb. Bəzi ailələrdə azyaşlı körpələr, yaşlı insanlar və ya xəstələr ola bilər və belə vəziyyətlərdə qazın kəsilməsi onların sağlamlığı və təhlükəsizliyi üçün ciddi risk yaradır. Bu cür hallarda alternativ çıxış yolu olmayan ailələr çarəsiz vəziyyətdə qalır. Məhz buna görə də bu məsələyə yalnız texniki problem kimi deyil, sosial və humanitar məsələ kimi yanaşmaq lazımdır. Bu sahədə nəzarət daha da gücləndirilməli, qaz təchizatında yaranan problemlər ətraflı şəkildə araşdırılmalıdır. İstər texniki səhlənkarlıq, istərsə də məsuliyyətsizlik halları varsa, bu, ciddi şəkildə qiymətləndirilməli və günahkar şəxslər qanun çərçivəsində sərt şəkildə cəzalandırılmalıdır. Yalnız bu halda gələcəkdə oxşar problemlərin və faciəvi hadisələrin qarşısını almaq mümkün olar".

Şəhər sakini Murad Behbudov: "Qazla bağlı yaranan nasazlıqların əsas səbəbkarı çox vaxt qaz avadanlıqlarını quraşdıran şəxslər və ya bu prosesə cavabdeh olan strukturlar ola bilər. Quraşdırma mərhələsində yol verilən xırda səhlənkarlıqlar sonradan ciddi problemlərə və təhlükəli vəziyyətlərə səbəb olur. Belə hallarda məsuliyyət vətəndaşın deyil, sistemi quran və nəzarət edən tərəfin üzərinə düşməlidir. Problem yarandıqda bəzi vətəndaşlar çıxış yolu tapmaq məqsədilə özləri müdaxilə etməyə çalışırlar. Lakin bu cür müdaxilələr əksər hallarda vəziyyəti daha da ağırlaşdırır və nasazlıqların dərinləşməsinə gətirib çıxarır. Bəzi hallarda isə bu cəhdlər ciddi təhlükə yaradır, qəza və ya zəhərlənmə riskini artırır. Buna görə də o hesab edir ki, belə məsələlərdə yalnız peşəkar və müvafiq qurumların iştirakı vacibdir. Yeni nəsil smart kartlı sayğaclar qənaət baxımından üstünlük təşkil etsə də, praktikada müəyyən texniki problemlərin ortaya çıxdığını da diqqətə çatdırır. Xüsusilə kartla işləyən sayğacların bəzən düzgün funksional olmaması və sistemin fasilələrlə işləməsi vətəndaşların narazılığına səbəb olur. Bu cür problemlər insanların gündəlik həyatına birbaşa təsir edir və əlavə çətinliklər yaradır. Əsas məqsəd qaz təchizatının həm rahat, həm də sərfəli olmasıdır. Qazdan istifadə sistemi elə qurulmalıdır ki, vətəndaşlar gündəlik ehtiyaclarını problemsiz şəkildə qarşılaya bilsinlər. Ümumilikdə isə qaz təchizatı ilə bağlı bütün qərar və yeniliklərdə vətəndaşların rahatlığı, təhlükəsizliyi və qənaəti əsas meyar kimi nəzərə alınmalıdır".

Şəhər sakini Gülcənnət Mirmehdizadə: "Qaz ödənişləri ilə bağlı yaranmış vəziyyətdən çox narazıyam. Təkcə bir ay üçün qaz haqqına 173 manat ödəmişik və bu məbləğ ailə büdcəsi üçün olduqca ağırdır. Bəzən aylıq ödənişlərin 40–50 manat civarında olduğunu görürük, lakin 173 manat kimi yüksək rəqəm bizim üçün gözlənilməz və ciddi maliyyə yükü yaradıb. Bu məbləğin ödənilməsi bizim gündəlik xərclərimizə ciddi təsir göstərir. Yoldaşım aylıq 400 manat, özüm isə 350 manat maaş alırıq və bu gəlirlə təkcə qaz üçün belə yüksək məbləğ ödəmək çox çətindir. Üstəlik, evdə istilik probleminin olmasına baxmayaraq, sayğacda qaz sərfiyyatının yüksək göstərilməsi bizi daha da narahat edir. Real istifadə ilə yazılan məbləğ arasında ciddi uyğunsuzluq var və bu da vətəndaşlarda haqlı narazılıq yaradır. Mövcud vəziyyətdə məsuliyyət həm qaz təchizatına cavabdeh qurumların, həm də müəyyən hallarda vətəndaşların üzərinə düşə bilər. Lakin yaranan problemin miqyası və sistemli xarakteri onun bu vəziyyətlə razılaşmamasına səbəb olur. Xüsusilə smart kartlı sayğaclarla mexanik sayğaclar arasında fərq olduğunu, mexanik sayğaclar daha etibarlı görünür. Kartlı sayğaclarda bəzən balansın sürətlə azalması və ya pulun “itməsi” kimi hallar müşahidə olunur ki, bu da əlavə şübhələr yaradır. Bu qədər yüksək qaz haqqı normal deyil və vətəndaşların maddi imkanları nəzərə alınmalıdır. Azərbaycan qaz və neft istehsal edən ölkədir və enerji resurslarını xaricdən idxal etmir. Bu səbəbdən də əhali üçün qazın bu qədər baha başa gəlməsi suallar doğurur. Bu məsələ ciddi şəkildə araşdırılmalı, sayğacların işləmə mexanizmi şəffaflaşdırılmalı və vətəndaşların üzərinə düşən maliyyə yükü yüngülləşdirilməlidir".

Şəhər sakini Rövşən Dadaşov: "Bu məsələdə günahı yalnız bir tərəfin üzərinə atmaq düzgün olmaz. Həm qaz təchizatı ilə məşğul olan qurumların, həm də vətəndaşların müəyyən məsuliyyəti ola bilər. Bəzən qurumlar vaxtında nəzarət etmir, bəzən isə vətəndaşlar diqqətsizlik edirlər və bu da problemlərin yaranmasına səbəb olur. Ümumilikdə smart sayğac sistemi pis sistem deyil. Kartla idarə olunması, avtomatik işləməsi və istifadə baxımından rahatlıq yaratması onun üstün cəhətlərindəndir. İnsan istədiyi vaxt kart yükləyir, qazdan istifadə edir və bu baxımdan sistem rahat görünür. O hesab edir ki, bu yeniliklər əslində vətəndaşların rahatlığı üçün tətbiq olunub. Eyni zamanda, kart sistemi ilə bağlı müəyyən çətinliklər də var. Kart yığıldıqda və ya sistemdə nasazlıq yarandıqda, idarələrə müraciət etmək məcburiyyəti ortaya çıxır və bu da vaxt aparır. Bəzi hallarda insanlar problemlə üzləşəndə çıxış yolu tapmaqda çətinlik çəkirlər. Buna baxmayaraq, bu problemlər sistemin özündən daha çox onun düzgün işləməməsi və ya nəzarətin yetərli olmaması ilə bağlıdır. Ümumilikdə smart kartlı sayğac sistemi özlüyündə yaxşıdır və müsbət tərəfləri daha çoxdur. Sadəcə olaraq, həm qurumlar öz üzərinə düşən məsuliyyəti daha ciddi yerinə yetirməli, həm də vətəndaşlar istifadə zamanı daha diqqətli olmalıdırlar ki, bu cür problemlər minimuma ensin".

Şəhər sakini Esmira Rzaquliyeva: “Məncə, qaz zəhərlənmələrində hər iki tərəfin – həm vətəndaşların, həm də qurumların günahı ola bilər. Qurumu tam günahlandırmaq da düzgün deyil, çünki vətəndaşların da bəzi qaydalara riayət etməsi vacibdir. Əgər insanlar qaydalara əməl etsə, bu hallar azalar. Amma qazın özündə də müəyyən problemlər var, məsələn, kombilərdə qazın yanması tam düzgün olmaya bilər, çox vaxt qazın tünd bir iyinin olması xəbərdarlıq əlamətidir ki, insanlar ayılsın, tədbir görsün. Amma bəzən bu iy çox kəskindir və insanları narahat edir. Smart kartla mexaniki sayğac arasında isə konkret fikrim yoxdur, çünki bu işə mən baxmıram, yoldaşım izləyir. Amma qış fəslində bütün bina evlərində qazla bağlı şikayətləri çox eşitmirik. Qaz istifadəsi daha çox artır, bəzən aylıq ödəniş 130-140 manat, bəzən də daha çox olur. Bir ailənin pensiyası 350-400 manatdırsa, onların yarısını qaz puluna verməsi çox ağırdır. Ölkəmiz qaz istehsal edirsə, vətəndaşları belə yüksək məbləğlərlə yükləmək düzgün deyil”.

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə