“Sosial Tərəfdaş” cəmiyyəti təsis edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondunun (DSMF) təşəbbüsü ilə pensiya, müavinət və təqaüd alanlar üçün güzəşt və endirimlər nəzərdə tutan “loyallıq” platformasının yaradılmasına qərar verilib. Həmin sosial həssas qruplara aid olan vətəndaşlar sosial bank kartları ilə nağdsız ödəmələr zamanı müxtəlif endirimlər və imtiyazlar əldə edəcəklər.

DSMF-dən SİA-ya verilən məlumata görə, “Sosial Tərəfdaş” cəmiyyəti təsis edilərək qeyd olunan layihənin həyata keçirilməsi ona həvalə edilib.

Fond tərəfindən təsis olunan cəmiyyətin əsas fəaliyyət istiqaməti layihənin icrasını təmin etmək, aidiyyatı dövlət və özəl sektor təmsilçiləri ilə əməkdaşlıq edərək, həssas təbəqənin nümayəndələri üçün yeni imkanlar yaratmaqdan ibarətdir.

Bu məqsədlə ilkin mərhələdə iri pərakəndə alış-veriş məkanları, telekommunikasiya vasitələri, aptek şəbəkələri və tibb müəssisələri ilə tərəfdaşlığın qurulması nəzərdə tutulur.

Eyni zamanda, məqsəd Strateji Yol Xəritəsini və həmin strategiyanın mərkəzində dayanan insan amilini əsas tutaraq, təqaüd alanlara imtiyazların verilməsinə və maliyyə savadlılığını artırmağa yönəldilib.

Bütün xəbərlər Facebook səhifəmizdə