“İnsanın yaşlandıqca özünə inamının azalmasının əsas səbəblərindən biri özgüvənin zəifləməsidir. Özgüvənin azalması isə bir sıra psixoloji və sosial faktorlarla bağlıdır. Bunlara əvvəlki fiziki görünüşün itirilməsi, bədənin zəifləməsi, enerjinin və dözümlülüyün azalması daxildir. Bu dəyişikliklər insanın özünü əvvəlki kimi güclü, faydalı və dəyərli hiss etməməsinə gətirib çıxara bilər. Nəticədə “artıq əvvəlki kimi lazım deyiləm”, “mənə ehtiyac yoxdur” kimi mənfi düşüncələr formalaşmağa başlayır”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova deyib.
Onun sözlərinə görə, bu prosesi anlamaqda Maslow-un tələbatlar iyerarxiyası mühüm rol oynayır:
”Maslow-a görə insanın əsas ehtiyacları yalnız fiziki tələbatlarla məhdudlaşmır; sevib-sevilmək, aid olmaq, hörmət görmək və özünü təsdiq etmək kimi psixoloji ehtiyaclar da insan həyatında böyük əhəmiyyət daşıyır. Yaş artdıqca bu ehtiyacların ödənilməsi müəyyən səbəblərdən çətinləşə bilər. Məsələn, sosial çevrənin daralması, iş həyatından uzaqlaşma, ailə və cəmiyyət daxilində əvvəlki rolların dəyişməsi insanın özünü kənarda qalmış kimi hiss etməsinə səbəb ola bilər.
İnsan yaşlandıqca bəzən hiss edir ki, onun fikirlərinə əvvəlki qədər diqqət yetirilmir, qərarlarına daha az önəm verilir və ya təcrübəsi kifayət qədər dəyərləndirilmir. Bu da tədricən hörmət və dəyər görmə ehtiyacının ödənilməməsinə gətirib çıxarır. Nəticədə insan özünü artıq, lazımsız və cəmiyyət üçün yük kimi qavramağa başlaya bilər ki, bu da özünə inamın daha da azalmasına səbəb olur.
Xüsusilə əvvəllər çox aktiv olan, sosial və peşəkar həyatı zəngin keçən insanlar üçün bu dəyişikliklər daha kəskin hiss olunur. İş həyatında uğurlu olmaq, cəmiyyətdə tanınmaq və faydalı olduğunu hiss etmək uzun illər insanın özünü təsdiq etməsinin əsas mənbəyi olmuşdursa, bu mənbələrin itirilməsi daxili boşluq yarada bilər. Aktivlik azaldıqca insanın öz bacarıqlarını göstərmək, özünü təsdiq etmək imkanları da məhdudlaşır və bu vəziyyət özgüvənin zəifləməsinə, nəticədə isə özünə inamın azalmasına yol açır.
Buna görə də yaşlılıq dövründə insanın psixoloji ehtiyaclarının nəzərə alınması, ona dəyər verildiyini hiss etdirmək, təcrübəsindən faydalanmaq və sosial əlaqələri qorumaq özünə inamın saxlanılması baxımından son dərəcə vacibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB