Şəhərsalma və memarlığın prioritetləşdirilməsi urbanizasiyanın yeni mərhələsidir - ŞƏRH OLUNDU
“Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin sosial-iqtisadi inkişaf strategiyasında mühüm mərhələ kimi qiymətləndirilir” . Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı şəhərsalma və memarlıq sahəsində aparılan islahatların sistemli şəkildə davam etdirilməsinə, müasir urbanizasiya çağırışlarına uyğun yanaşmaların tətbiqinə və milli memarlıq irsinin qorunaraq inkişaf etdirilməsinə xidmət edir:
“Sərəncamda əsas məqsəd şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi, davamlı inkişaf prinsiplərinə əsaslanan planlaşdırma mexanizmlərinin gücləndirilməsi, regionların balanslı inkişafının təmin olunması və yaşayış məkanlarının insan amilini ön planda tutan konsepsiyalar əsasında formalaşdırılmasıdır. Xüsusilə sürətli urbanizasiya fonunda şəhərsalma sahəsində elmi əsaslara söykənən qərarların qəbulu, infrastrukturun səmərəli təşkili və ekoloji tarazlığın qorunması prioritet istiqamətlər kimi müəyyən edilir.
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində müasir memarlıq tendensiyaları ilə milli üslubun sintezinin təşviqi, tarixi-mədəni irsin qorunması və bərpası, eyni zamanda yeni yaşayış və ictimai məkanların funksional və estetik baxımdan yüksək səviyyədə layihələndirilməsi nəzərdə tutulur. Bu yanaşma şəhərlərin təkcə iqtisadi deyil, həm də sosial və mədəni mərkəzlər kimi inkişafını təmin etməyə yönəlib.
Sərəncam həmçinin dövlət qurumları, yerli icra hakimiyyətləri, peşəkar memarlar və şəhərsalma mütəxəssisləri arasında koordinasiyanın gücləndirilməsini, bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsini və beynəlxalq təcrübənin öyrənilərək tətbiq olunmasını vacib istiqamətlərdən biri kimi önə çəkir. Bununla yanaşı, ictimai iştirakçılığın artırılması, vətəndaşların yaşadıqları mühitin formalaşdırılmasında fəal mövqe tutması da şəhərsalma siyasətinin mühüm komponenti kimi dəyərləndirilir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi Azərbaycanın uzunmüddətli inkişaf baxışının tərkib hissəsi olmaqla, şəhərlərin daha rahat, təhlükəsiz, estetik və ekoloji cəhətdən dayanıqlı məkanlara çevrilməsinə yönəlmiş strateji addım kimi çıxış edir. Bu təşəbbüs ölkədə müasir şəhərsalma mədəniyyətinin formalaşmasına, memarlıq sahəsində innovativ yanaşmaların genişlənməsinə və gələcək nəsillər üçün keyfiyyətli yaşayış mühitinin yaradılmasına mühüm töhfə verəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB