"Dünya Azərbaycanlılarının Həmrəyliyi milli birliyimizin ifadəsidir" - SOSİOLOQ DANIŞDI

"31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli birliyinin, tarixi köklərə sadiqliyinin və ümumdünya miqyasında həmrəyliyinin parlaq ifadəsidir". Bu sözləri SİA-ya açıqlamasında "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova deyib.

Onun sözlərinə görə, bu əlamətdar gün xalqımızın əsrlər boyu formalaşmış milli kimliyini, birlik ruhunu və ortaq mənəvi dəyərlərini təcəssüm etdirir: "Bu tarix dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların ortaq milli-mənəvi dəyərlər, ana dili, zəngin mədəni irs və Vətənə sədaqət ətrafında sıx birləşməsini ifadə edir. Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün bu gün milli mənsubiyyət hissinin gücləndirilməsi və Vətənlə mənəvi bağların möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Dünya azərbaycanlılarının həmrəyliyi dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılması, milli maraqlarımızın qorunması və ardıcıl şəkildə təbliği baxımından mühüm rol oynayır. Güclü diaspora fəaliyyəti Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz töhfə verir.

Xaricdə yaşayan həmvətənlərimizin Azərbaycanla əlaqələrinin daha da gücləndirilməsi, milli kimliyimizin qorunub saxlanılması və bu dəyərlərin gələcək nəsillərə ötürülməsi qarşıda duran əsas vəzifələrimizdəndir. Bu baxımdan milli birlik və qarşılıqlı həmrəylik ideyalarının daim yaşadılması xüsusi önəm kəsb edir.

Məhz bu əlamətdar gün münasibətilə dünya azərbaycanlılarını daha sıx birlik, qarşılıqlı əməkdaşlıq və milli maraqlar naminə birgə fəaliyyətə çağırır, hər bir həmvətənimizə möhkəm cansağlığı, ailə səadəti, rifah və uğurlar arzulayıram.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, ölkəmizə davamlı inkişaf, xalqımıza birlik və firavanlıq arzulayıram!"

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə