Bu gün ölkədə dövlət–din münasibətlərinin tənzimlənməsi, dini etiqad azadlığının təmin olunması və dini sahədə ictimai sabitliyin qorunması istiqamətində fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin geridə qalan bir il ərzində gördüyü işlər diqqət mərkəzindədir. SİA olaraq, dini sahədə həyata keçirilən əsas layihələr, görülən işlər və əldə olunan nəticələrlə bağlı Dövlət Komitəsinə müraciət etdik.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: "2025-ci il ərzində dinin siyasiləşdirilməsi, məzhəbçilik və dini dözümsüzlük meyllərinin qarşısının alınması, eləcə də ölkəmizə yönəlmiş xarici dini təsirlərin neytrallaşdırılması məqsədilə aidiyyəti dövlət qurumları ilə koordinasiyalı və ardıcıl fəaliyyət həyata keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 yanvar 2025-ci il tarixli Sərəncamına əsasən, 2025-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ölkədə fəaliyyət göstərən dini qurumlara maliyyə yardımı ayrılmışdır. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasına 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturasına 350 min manat, Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstəyin göstərilməsi məqsədilə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fonduna (MDTF) 350 min manat vəsait ayrılmışdır.
Cari ildə Mənəvi Dəyərlərin Təbliği Fonduna ayrılmış 350 min manat vəsait hesabına dövlət qeydiyyatından keçmiş 25 qeyri-islam dini icmasına birdəfəlik maddi dəstək göstərilmişdir. Həmin icmalardan 22-si xristian, 2-si bəhai, 1-i isə Krişna Şüuru dini icmasıdır.
Hazırda ölkədə 38-i qeyri-islam olmaqla ümumilikdə 995 dini qurum fəaliyyət göstərir. Qeydiyyatdan keçmiş dini qurumların 957-si İslam, 27-si xristian, 8-i yəhudi, 2-si bəhai, 1-i isə Krişna Şüuru dini icmaları tərəfindən təsis olunmuşdur.
Hazırda ölkə ərazisində ümumilikdə 2387 məscid (onlardan 219-u Naxçıvan Muxtar Respublikasında yerləşir) və 769 ziyarətgah mövcuddur. Bununla yanaşı, ölkədə 16 kilsə, 7 sinaqoq fəaliyyət göstərir.
Hesabat dövründə Komitə tərəfindən vətəndaşların dini etiqad azadlığının və hüquq bərabərliyinin təmin olunması, eyni zamanda zərərli dini ideologiyaların ölkəmizdə yayılmasının qarşısının alınması, dini radikalizm və ekstremizmə qarşı ideoloji müstəvidə effektiv mübarizə aparılması məqsədilə 7 regional konfrans təşkil olunmuşdur. Regional konfranslarda Dövlət Komitəsinin və yerli icra hakimiyyətlərinin rəhbərliyi, məsul əməkdaşları, Milli Məclisin deputatları, hüquq mühafizə orqanlarının əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsi və ictimaiyyət nümayəndələri, ilahiyyatçı ekspertlər, həmçinin din xadimləri, dini icma sədrləri iştirak etmişlər.
Cari ilin noyabr ayının 5-də “Konstitusiya və Suverenlik İli” çərçivəsində Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə formalaşmış nümunəvi tolerantlıq və multikulturalizm mühitini, dinlərarası harmoniyanı, birgəyaşayış ənənələrini təbliğ, həmçinin ölkəmizdəki konfessiyalararası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin unikal nümunəsini təqdim etmək məqsədilə “Fərqliliyin rəngi” festivalı keçirilmişdir. Eyni zamanda, noyabrın 5-də “Gülüstan” sarayında Vətən müharibəsində qazanılan, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən Zəfərin 5-ci ildönümü münasibətilə “Vətən müharibəsi – 5 il: Birliyin zəfəri” adlı tədbir təşkil olunmuşdur.
Cari ilin dekabr ayının 21-də Nizami Kino Mərkəzində Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında mövcud olan birgəyaşayış və tolerantlıq ənənələrini əks etdirən “Harmoniya” sənədli filminin təqdimatı keçirilib. Film Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Mənəvi Dəyərlərin Təbliği Fondunun və Bakı Media Mərkəzinin birgə layihəsidir.
2025-ci ilin dekabrın 24-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “Azərbaycanda dövlət-din münasibətlərinin konstitusion prinsipləri: dünyəvilik və vicdan azadlığı” mövzusunda Azərbaycan Din Xadimlərinin İkinci Forumu keçirilmişdir. Forumda dövlət və hökumət rəsmiləri, müxtəlif dini konfessiyaların üzvləri, din xadimləri və digər qonaqlar iştirak etmişlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB