“Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş təşkil edilib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Nicat Qocayev və Eyyub Fətəliyev ilə görüş keçirib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Mentorluq proqramına uyğun olaraq müsabiqə qaliblərinin təcrübə imkanlarını artırmaları üçün nazirlikdə yaradılan şəraitdən və onların liderlik potensiallarının inkişaf etdirilməsi məqsədilə aparılan işlərdən bəhs olunub.

Nazir mentorların araşdırma layihələri ilə tanış olub, müvafiq mövzular ətrafında fikir mübadiləsi aparılıb. Qaliblərin təklifləri dinlənilib, layihələrlə bağlı müvafiq tövsiyələr verilib.

Müsabiqə qalibləri Mentorluq proqramı çərçivəsində bilik və təcrübələrini, bacarıqlarını artırmaq, həmçinin layihələri üzrə araşdırmaların aparılması üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə