Gələn ildən etibarən hansı avtomobillərin qiyməti qalxacaq? - İCRAÇI DİREKTOR AÇIQLADI

“Yanvar ayından etibarən ölkədə ekoloji təmiz nəqliyyat vasitələri – elektrik və hibrid avtomobillər üçün tətbiq edilən güzəştlərin müddəti bitir. Bu da həmin avtomobillərin qiymətinin artmasına səbəb olacaq”.

Bu sözləri SİA-ya açıqlamasında "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyində icraçı direktor Eyyub Əliyev deyib.

Onun sözlərinə görə, ikinci məsələ son illər əsasən Çin istehsalı avtomobillərin ölkəyə idxal olunması ilə bağlıdır:

“Bu avtomobillərin böyük əksəriyyəti qeyri-rəsmi yollarla, yəni paralel idxal adlandırdığımız şəkildə fərdi şəxslər tərəfindən gətirilir. Çində belə avtomobillərə subsidiyalar mövcud idi. Lakin həmin subsidiyaların bir çoxu ya tamamilə ləğv olunub, ya da qismən dayandırılıb.

Bundan başqa, Çində qeydiyyata alınmış, sıfır kilometrajlı, amma ikinci əl sayılan avtomobillərin ölkədən çıxışına artıq 6 aydan tez icazə verilməyəcək.

Bütün bu səbəblər Azərbaycana idxal olunan avtomobillərin sayına və qiymətinə təsir edəcək. Bu səbəbdən avtomobil bazarında artımlar müşahidə olunacaq”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə