Baş prokuror Nyu-Yorkda beynəlxalq antikorrupsiya konfransında iştirak edib - FOTOLAR
Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-də BMT-nin Baş Qərargahında keçirilən “Korrupsiyanın ölçülməsinin təkmilləşdirilməsi məqsədilə məlumatların səmərəli istifadə olunması” mövzusunda İkinci Qlobal Konfransda iştirak etmək məqsədilə Nyu-Yorkda rəsmi səfərdə olub. Bu barədə SİA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), BMT-nin İnkişaf Proqramı (UNDP) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (İACA) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əsas məqsəd korrupsiyaya qarşı mübarizə fəaliyyətinin effektivliyinin dəyərləndirilməsi üçün alternativ meyarların və yeni metodologiyanın işlənib hazırlanması və müzakirəsi olub.
30-a yaxın ölkənin nümayəndə heyətlərinin, həmçinin müxtəlif beynəlxalq və regional təşkilatların çox sayda təmsilçiləri və ekspertlərinin iştirak etdiyi tədbirin yüksəksəviyyəli seqmentində çıxış edən Baş prokuror qeyd edib ki, müasir dövrün əsas bəlalarından olan korrupsiyaya qarşı mübarizənin təsirliliyini təmin etmək üçün onun miqyasının müəyyən edilməsi, başqa sözlə, ölçülməsi ilkin şərtdir: “Lakin bu fəaliyyət sabit, qərəzsiz və obyektiv meyarlara söykənməlidir. Bu sahədə mövcud cari indekslərin bir qismi subyektiv yanaşmalar səbəbindən, eləcə də metodoloji nöqsanlardan qaynaqlanaraq reallığı tam və düzgün əks etdirmir. Odur ki, ölkəmizin ekspertlərinin də yaxından iştirakı ilə hazırlanan yeni metodologiyanın bu boşluğu dolduracağına inanırıq”.
Tədbir çərçivəsində Baş prokuror və BMT-nin Qanunun Aliliyi və Təhlükəsizlik İnstitutları ofisinin rəhbəri Faisal Shahkar arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı qurumlar arasında əməkdaşlığın perspektivləri, o cümlədən kadrların peşəkar hazırlığı, cinayətin müxtəlif formalarına qarşı mübarizə təcrübəsinin mübadiləsi müzakirə edilib, həmçinin Azərbaycan tərəfindən irəli sürülən konkret layihələrin dəstəkləndiyi bildirilib.
Bundan əlavə, konfrans çərçivəsində Baş prokurorla Beynəlxalq Antikorrupsiya Akademiyasının cari dekanı Drago Kos arasında ikitərəfli görüş keçirilib.
Drago Kos Azərbaycan Prokurorluğuna Akademiyaya göstərdiyi hərtərəfli dəstəyə görə təşəkkürünü ifadə edib. Öz növbəsində Kamran Əliyev Akademiyanın fəaliyyəti dövründə 20-yə yaxın prokurorluq əməkdaşının qurumun magistr proqramlarının məzunu olduğunu, quruma göstərilən mütəmadi maliyyə töhfəsi ilə yanaşı, Azərbaycan Prokurorluğunun 1 nümayəndəsinin hazırda Akademiyanın İdarəetmə Şurasında təmsil edildiyini, həmçinin 1 əməkdaşının qurumun Katibliyinə ezam olunduğunu qeyd edib.
Bundan əlavə, görüşdə tərəflər arasında əməkdaşlığın genişləndirilməsi və müxtəlif birgə tədbirlərin təşkili imkanları müzakirə edilib.
Tədbir çərçivəsində, həmçinin Baş prokurorla Səudiyyə Ərəbistanı, Mərakeş və digər ölkələrdən olan tərəfdaşlar arasında görüşlər keçirilərək qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Görüşlərdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi Tofiq Musayev də iştirak edib.
Səfər müddətində Baş prokuror, həmçinin ölkəmizin BMT yanında daimi nümayəndəliyinin heyəti ilə tanış olub, əməkdaşların fəaliyyəti ilə maraqlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB