Dövlət Məşğulluq Agentliyi xaricdə işləmək istəyənlər üçün vakansiya elan edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi əmək bazarının qlobal tendensiyalarını və vətəndaşların artan maraqlarını nəzərə alaraq, xarici ölkələrdə rəsmi və təhlükəsiz iş imkanları barədə məlumatlandırma və bu vakansiyalar üzrə işlə təminata dəstək prosesinə başlayır.

Bu barədə SİA-ya Dövlət Məşğulluq Agentliyindən məlumat verilib. Agentlik etibarlı tərəfdaş qurumlar tərəfindən təqdim olunmuş, rəsmi yoxlamadan keçirilmiş və yalnız qanuni, təhlükəsiz və müqavilə ilə tənzimlənən xarici iş imkanları barədə elanları təqdim edir. Bu iş elanlarına qardaş Türkiyədə mövcud olan və 18-50 yaş arası şəxslər üçün nəzərdə tutulan aşağıdakı vakansiyalar daxildir:

Hotelçilik sahəsi üzrə hər birində əməkhaqqı minimum 750 ABŞ dolları və və müqavilə müddəti 6-9 ay olan 450 vakansiya (o cümlədən,qeydiyyatçı (reception), qonaqlarla iş üzrə əməkdaş, qonaqların qarşılanması və yönləndirilməsi üzrə işçi, ofisiant və köməkçi, barmen, əyləncə tədbirlərində səhnə üzrə işçi, aşpaz və köməkçi),

Gəmiçilik sahəsi üzrə (fərqli tonnajlı quru yük gəmilərində) hər birində əməkhaqqı 1700 ABŞ dollarına qədər və müqavilə müddəti 6 ay olan 20-dən çox vakansiya (bosman, matros, motorçu, aşpaz).

Xaricdə işləmək üçün seçilərək yola salınanların nəqliyyat və qalma xərcləri qarşılanacaq.

Bu layihədə əsas məqsəd vətəndaşların xaricdəki rəsmi, təhlükəsiz iş imkanları barədə məlumatlanmasını, rəsmi əmək miqrasiyası imkanları barədə doğru, yoxlanılmış, şəffaf informasiya əldə etmələrini təmin etməkdir.

Həmçinin layihə vətəndaşların qeyri-rəsmi vasitələrlə xaricdə iş axtarışından irəli gələn risklərdən, sui-istifadə hallarından qorunmasına, əmək bazarında beynəlxalq təcrübə qazanmaq istəyənlərə qanuni kanallar yaradılmasına hədəflənib.

Qeyd edilən vakansiyalar barədə məlumat almaq istəyənlər Agentliyin rəsmi internet səhifəsinə, “142” Çağrı Mərkəzinə, DOST mərkəzlərinə və müvafiq regional məşğulluq filiallarına, həmin iş yerlərində işləmək istəyənlər isə CV-ləri ilə qurumun [email protected] e-post ünvanına müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə