Soydaşımız Seul şəhərinin fəxri vətəndaşı adına layiq görülüb

Cənubi Koreyada uzun illər yaşayan və təhsil alan fəlsəfə doktoru Leyla Məsimli iki ölkə arasında mədəni və akademik əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə Seul şəhərinin fəxri vətəndaşı adına layiq görülüb. SİA xəbər verir ki, Leyla Məsimli 2025-ci ildə bu ada layiq görülən 17 nəfərdən biridir. Mükafatın Leyla Məsimliyə verilməsi Koreyada Azərbaycan mədəniyyətinin tanıdılması, elmi əməkdaşlığın gücləndirilməsi və iki ölkə arasında mədəni körpü yaradılması istiqamətində görülən işlərin yüksək qiymətləndirildiyini göstərir. Həmvətənimiz həm magistratura, həm də doktorantura təhsilini Koreyada aldıqdan sonra Seulda akademik fəaliyyətlə məşğuldur. O, Avrasiya–Türk Araşdırmaları İnstitutunda tədqiqatçı kimi çalışıb, Koreya–Azərbaycan elmi seminar və konfranslarının təşkilinə rəhbərlik edib, türk xalqları haqqında ensiklopediyanın hazırlanmasında mövzu seçimi və tərcümə işlərində iştirak edib, Azərbaycanın multikulturalizm ənənələri ilə bağlı elmi tədqiqatlar təqdim edib. Hazırda İnha Universitetində Azərbaycan multikulturalizmi fənnini tədris edir.

L.Məsimli paralel olaraq, Seulun orta məktəblərində və uşaq bağçalarında, habelə ictimai təhsil layihələrində Azərbaycan mədəniyyətini tanıdan mühazirələrlə çıxış edib. O, Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə yazıçı Yu Su-jin ilə birlikdə ötən il Azərbaycan xalq nağıllarından 7 hekayəni Koreya dilinə tərcümə edib. Bu il isə Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunu yazıçı Yu Su-jin ilə birlikdə Koreya dilinə çevirib. Nəşrin təqdimatı noyabrda baş tutub. O, hazırda Koreya xalq nağıllarından 20 hekayəni Azərbaycan dilinə tərcümə edir. Kitabın 2026-cı ildə nəşri planlaşdırılır. Leyla Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edərək Koreyada Azərbaycan günləri, mədəniyyət festivalları, elmi mühazirələr və təqdimatlar təşkil etməklə Azərbaycan mədəniyyətinin tanıdılmasında yaxından iştirak edir.

Qeyd edək ki, “Seul fəxri vətəndaşı” titulu şəhərin inkişafına və yerli əhalinin həyat keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verən xarici vətəndaşlara təqdim olunur. Sertifikat Seul merinin rəsmi imzası ilə verilir və sosial rifah, mədəniyyət, iqtisadiyyat, təhsil və ekoloji inkişaf kimi sahələrdə xüsusi nailiyyət göstərmiş şəxsləri əhatə edir. 1958-ci ildən tətbiq olunan bu fəxri ada indiyədək 100 ölkədən 968 nəfər layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə