FHN beynəlxalq əməkdaşlıqlara xüsusi önəm verir - Kəmaləddin Heydərov

Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq konfransının ölkəmizdə keçirilməsi Azərbaycan üçün böyük əhəmiyyət daşıyır. Bu tədbir yalnız peşəkarların görüş platforması deyil, həm də fövqəladə hallarla mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi baxımından mühüm addımdır. SİA xəbər verir ki, bu sözləri Bakıda keçirilən Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin yanğın-xilasetmə xidmətləri rəhbərlərinin XXVI Beynəlxalq konfransında Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. O qeyd edib ki, bəşəriyyətin inkişafını ləngidən ən ciddi problemlərdən biri fövqəladə hadisələrdir. Xüsusilə iqlim dəyişikliyinin sürətləndiyi bir dövrdə bu risklər daha da artır və ölkələrdən daha çevik, daha hazırlıqlı olmağı tələb edir.

“Azərbaycan həm təbii fəlakətlər, həm də texnogen qəzalarla bağlı riskləri daim diqqət mərkəzində saxlayır. Fövqəladə hallar ölkəmizin prioritet məsələlərindəndir. Bu istiqamətdə Fövqəladə Hallar Nazirliyi (FHN) güclü maddi-texniki bazası, müasir avadanlıqları və yüksək peşəkarlığa malik kadrları ilə baş verən hadisələrə operativ və effektiv reaksiya verir. Nazirlik, həmçinin beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Belə ki, Türkiyə, İran və digər ölkələrdə baş verən fövqəladə hallarda həyata keçirilən humanitar əməliyyatlar bunun bariz nümunəsidir. Çünki fövqəladə hallar sərhəd tanımır. Bu səbəbdən ölkələr arasında əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsi zəruridir. Bu gün burada toplaşmağımız, bilik və təcrübələrimizi bölüşməyimiz, yeni əməkdaşlıq imkanlarını müzakirə etməyimiz qlobal təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir”,- deyə nazir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə