İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi (tez-tez “Mormon kilsəsi” kimi tanınır) xristian köklərinə əsaslanan, lakin özünəməxsus doktrinal və təşkilati xüsusiyyətlərinə görə ənənəvi xristian məzhəblərindən fərqlənən dini mərkəzdir. Kilsənin əsas məqsədi İsa Məsihin təlimlərini yaymaq, ailə dəyərlərini möhkəmləndirmək və insanlara mənəvi xidmət göstərməkdir. SİA xəbər verir ki, kilsəyə rəhbərlik edən ali orqan Birinci Prezidentlik və On İki Həvarilər Kvorumudur. Ən yaşlı həvari Kilsənin prezidenti olur və iki həvari müşavir kimi onunla birlikdə Birinci Prezidentliyi təşkil edir. Bu qurum Kilsənin əsas idarəedici orqanıdır. On İki Həvarilər Kvorumu isə Kilsənin ikinci ən yüksək rəhbərlik səviyyəsini təmsil edir və dünyada fəaliyyət göstərən icmaların işinə nəzarət edir.
Kilsənin təşkilati strukturunda növbəti mühüm mərhələ Yetmişlər Komitəsidir. Hazırda bu Komitənin səkkiz Kvorumu mövcuddur və hər birində 70 nəfərə qədər üzv fəaliyyət göstərə bilər. Üzvlərdən bəziləri Kilsənin baş qərargahında inzibati vəzifələrdə çalışır, digərləri isə dünyanın müxtəlif bölgələrində dini xidmətlə məşğul olurlar. Yerli icmalara isə yepiskoplar rəhbərlik edir.
Kilsə ilə əlaqəli qurumlardan biri ABŞ-da yerləşən Briqam Yanq Universiteti (BYU)-dur. Bu universitet həm Amerika Birləşmiş Ştatlarında, həm də dünyada tanınmış ali təhsil müəssisələrindən biridir. Universitetin tərkibində fəaliyyət göstərən Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzi hər il Yuta ştatının Provo şəhərində beynəlxalq hüquq və din mövzularında simpozium təşkil edir.
Bundan əlavə, Kilsə ilə Stirlinq Fondu arasında da mənəvi və əməkdaşlıq əlaqələri mövcuddur. Fondun təsisçiləri və idarə heyətində Kilsənin üzvləri təmsil olunur. Fondun fəaliyyət fəlsəfəsində ailə birliyi, xidmət, təhsil və dinlərarası dialoq kimi Kilsəyə məxsus dəyərlər əsas yer tutur.
Qeyd etmək lazımdır ki, 2024-cü il 10 iyul tarixindən etibarən İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi Azərbaycanda da rəsmi qeydiyyatdan keçmişdir. Bu hadisə ölkəmizdə dini müxtəlifliyin və dinlərarası anlaşmanın genişlənməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB