"Kimyəvi gübrələr insan sağlamlığına zərər verir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Hər şeydən əvvəl məlumdur ki, qida sənayesinin xammal bazasını kənd təsərrüfatı sahəsinin hazır məhsulları təşkil edir". Bu sözləri SİA-ya açıqlamasında qida eksperti Elsəvər Fərzəliyev deyib.

Onun sözlərinə görə, tarixən də, indi də kənd təsərrüfatında meyvə və tərəvəzlərin becərilməsində müəyyən gübrələrdən istifadə olunur: "Bu gübrələrin qalıqları pestisid şəklində məhsulların tərkibində toplanır və yığılır. Təbii ki, əgər istifadə olunan gübrələr təbii mənşəlidirsə, onların tərkibində insan orqanizminə zərər verəcək komponentlər olmur. Çünki təbii gübrələr insan orqanizminin qəbul edə biləcəyi miqdarda birləşmələrə malik olur və bu maddələr orqanizmə heç bir zərər vermir.

Lakin əgər istifadə olunan gübrələrin tərkibi müəyyən duzlar və zəhərli komponentlərlə müşahidə olunursa, bu zaman həmin maddələrin qalıqları məhsul vasitəsilə insan orqanizminə düşdükdə mənfi nəticələr verir və hətta qida zəhərlənməsinə qədər gətirib çıxara bilər. Bu baxımdan, kimyəvi gübrələrin insan sağlamlığına mənfi təsiri olduqca böyükdür.

Məsələn, bəzi hallarda qarpızın içərisində olan sarımtıl-qırmızımtıl rəngdə sapabənzər hissələr və ya pomidorların tərkibində müşahidə olunan ağ-sarı rəngli kütlələr, məhz məhsulun dərmanlanması zamanı bitkiyə keçən maddələrin cəmini əks etdirir. Bu maddələr, əsasən, həşəratlara və gəmiricilərə qarşı mübarizə məqsədilə aparılan aqrotexniki tədbirlər çərçivəsində tətbiq olunan kimyəvi vasitələrin nəticəsidir.

Bir çox hallarda sulama zamanı torpağa atılan və ya toz şəklində səpilən bu dərman maddələri torpağın müəyyən dərinliklərinə keçir və bitkinin kökləri vasitəsilə sorularaq meyvələrin tərkibində toplanır. Bu, əlbəttə ki, xoşagəlməz bir haldır.

Yuxarıda qeyd etdiyim kimi, təbii gübrələrdən istifadə olunduqda bu cür mənfi təsirlərin qarşısı alınır. Lakin kimyəvi yolla sintez edilən gübrələr məsələn, fosfor tərkibli gübrələr və digər bu tip məhsullar — insan orqanizminə mənfi təsir göstərmək gücünə malikdir. Deməli, kənd təsərrüfatında təbii mənşəli gübrələrin istifadəsi həm insan sağlamlığı, həm də ekoloji baxımdan daha təhlükəsiz və məqsədəuyğundur".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə