OKP: Psixoloji zəncirlərlə yaşamaq - MÜNASİBƏT BİLDİRİLDİ

"Obsessiv-Kompulsiv Pozuntu: “Bu psixi vəziyyət insanın düşüncə və davranış azadlığını məhdudlaşdırır. Obsessiv-Kompulsiv Pozuntu (OKP) — insan həyat keyfiyyətinə əhəmiyyətli təsir göstərən psixi pozuntudur". Bunu psixoloq Almara Ağaqızı SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, obsesiyalar – yəni istənilməyən və narahatedici düşüncələr, kompulsiyalar isə həmin düşüncələrin yaratdığı narahatlığı azaltmaq üçün görülən təkrarlanan davranışlardır: “Bu hallar insanın gündəlik funksional, sosial və emosional vəziyyətinə ciddi mənfi təsir göstərir. Məsələn, "əllərim çirklidir", "qapını bağladım?" kimi düşüncələrə cavab olaraq insan əllərini dəfələrlə yuyur, qapını təkrar yoxlayır, ya da müxtəlif ritual davranışlar sərgiləyir”.

Almara Ağaqızı qeyd edib ki, OKP-nin yaranmasında neyrobioloji, psixoloji və sosial faktorların birgə rolu var: “Serotonin balanssızlığı, beyin strukturlarında – xüsusilə orbitofrontal korteks və bazal qangliya sistemlərində dəyişikliklər bu pozuntunun bioloji əsasını təşkil edir. Koqnitiv yanaşmalara görə isə fərd bu düşüncələri təhlükəli kimi qiymətləndirir və kompulsiv davranışlarla onu neytrallaşdırmağa çalışır”.

Ekspert əlavə edib ki, OKP zamanla depressiya, təşviş pozuntusu və sosial təcridə səbəb ola bilər: “Fərd öz davranışlarının mənasız olduğunu bilsə də, onları etmədikdə yaranan narahatlıq hissi səbəbindən davamlı şəkildə eyni rituala qapılır. Bu isə həm ailə, həm də iş həyatına mənfi təsir edir”.

Müasir müalicə üsullarına da toxunan Almara Ağaqızı bildirib ki, OKP-nin aradan qaldırılmasında əsas yanaşmalar farmakoterapiya və psixoterapiyadır: “Selektiv serotonin geri alım inhibitorları – fluoksetin, sertralin kimi dərmanlar simptomların azaldılmasında istifadə olunur. Bundan əlavə, koqnitiv-davranış terapiyası – xüsusilə məruz qalma və reaksiya qarşısının alınması (ERP) üsulu ilə müsbət nəticələr əldə edilir”.

O vurğulayıb ki, OKP-nin erkən diaqnostikası və mərhələli şəkildə müalicəsi ilə əlamətlər əhəmiyyətli dərəcədə azaldıla bilər: “Ən önəmlisi isə – bu pozuntu ilə yaşamaq məcburiyyəti yoxdur. Dəstək almaq, terapiyaya açıq olmaq və müalicəyə səbirli yanaşmaqla OKP-nin həyat üzərindəki təsirini minimuma endirmək mümkündür”.

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə