"Xəzər dənizində baş verən bu proseslər tektonik hərəkətlər və seysmoloji hadisələr nəticəsində əmələ gəlir. Bu, yer kürəsinin ən aktiv bölgələrindən biridir və belə hadisələrin baş verməsi labüddür". Bu sözləri SİA-ya açıqlamasında ekoloq Ənvər Əliyev deyib.
Onun sözlərinə görə, dünyada qeydə alınmış 400-dən çox palçıq vulkanı var ki, onların əksəriyyəti Azərbaycanda yerləşir. Bu vulkanlar həm quruda, həm də dənizdə mövcuddur. Xəzər dənizinin sahil hissələri, xüsusən də dayaz bölgələr, bu cür vulkanik fəaliyyətlərə məruz qalır: "Palçıq vulkanlarının püskürməsi nəticəsində su səthinə çıxan materiallar zamanla bərkiyərək adalara çevrilə bilər. Bəzi sahələrdə, xüsusən də Kür deltasında, bu cür adalar əmələ gəlmiş və zamanla sabitləşmişdir. Bu proseslər nəticəsində müxtəlif qazlar, o cümlədən metan və kükürd qazları suya qarışır. Bu qazların suya qarışması nəticəsində bəzi su canlıları, xüsusilə balıqlar və su etikləri zəhərlənərək kütləvi şəkildə tələf ola bilər. Məsələn, 2020-ci ildə Dağıstan sahillərində 10 minə qədər su etikləri zəhərlənərək ölmüşdür. Bu hadisələr, suyun altından çıxan zəhərli qazların təsiri ilə əlaqələndirilir.
Bundan əlavə, bəzi hallarda su etikləri və balıqlar fiziki zədələrə məruz qalaraq tələf olurlar. Məsələn, gəmi vintlərinə ilişərək yaralanan su etikləri ölə bilər. Xəzər dənizindəki bu təbii proseslər, həm ekosistemə, həm də insan fəaliyyətlərinə təsir göstərir. Palçıq vulkanlarının fəaliyyəti nəticəsində torpaq sahələri sıradan çıxır və bu da kənd təsərrüfatına mənfi təsir edir. Ümumilikdə, Xəzər dənizində baş verən bu geoloji və ekoloji hadisələr, regionun təbii xüsusiyyətləri ilə əlaqədardır və bu cür proseslərin baş verməsi təbii haldır".
Bütün xəbərlər Facebook səhifəmizdə