Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir.
Odur ki, Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək. Nazirlər Kabineti isə yubiley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həll edəcək.
SİA mövzu ilə əlaqədar Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in Baş redaktoru Rəşad Məcidin, Milli Məclisinin deputatı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin, "AzNews.az" analitik informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlının, "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənlinin, “Türküstan” Media Qrupunun baş redaktoru Aqil Camalın, "Trend.az" saytının Azərbaycan redaksiyasının keçmiş rəhbəri Təhməz Əsədovun fikirlərini öyrənib.
Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in Baş redaktoru Rəşad Məcid: "Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam milli mətbuatın ölkənin ictimai fikir və dövlətçilik tarixində oynadığı rola verilən dəyərin təzahürü olmaqla bərabər, eyni zamanda dövlətimizin və onun rəhbərinin ümumilikdə Azərbaycan mediasına neçə illərdən bəri göstərdiyi qayğının növbəti nümunəsidir. Bu Sərəncam həm də Ulu Öndər Heydər Əliyevin milli mətbuatımızın yubileylərinin qeyd olunması ilə bağlı müstəqillik illərində qoyduğu ənənənin davam etdirilməsinin göstəricisidir. Azərbaycanın da bir parçası olduğu dünya nizamının saysız təbəddülatla üzləşdiyi indiki gərgin dövrdə milli mətbuatımıza göstərdiyi belə nəcib və kübar münasibətə görə dövlətimizin başçısına həm öz adımdan, həm də Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti adından dərin təşəkkürümü bildirirəm.
Sərəncamda cənab Prezidentin Vətən müharibəsi dövründə mediamızın əsl vətənpərvərlik və həmrəylik nümunəsi ortaya qoyduğunu, düşmən qüvvələrin yaydığı saxta məlumatların ifşası istiqamətində xüsusi səy göstərdiyini, silahlı qüvvələrimizin rəşadəti ilə bağlı zəngin salnamə yaratdığını xüsusi vurğulaması onun müasir jurnalistikamıza nə qədər böyük önəm verdiyini göstərən yaddaqalan nüans kimi gələcək fəaliyyətlərində ölkə jurnalistlərinə stimul verəcək əhəmiyyətli məqamdır. Sərəncamda həmçinin bu gün mediamızın ölkəmizin tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olduğu vurğulanmaqla bərabər, yeni fəaliyyət prinsiplərinin hökm sürdüyü müasir dövrün Azərbaycan mediası qarşısında yeni vəzifələr müəyyənləşdirdiyi, mediamızın müasir tendensiyaları nəzərə almaqla dövlətimizin maraqlarını həmişə uca tutmalı olduğu qeyd edilir, əslində, Azərbaycanın söz sahibi dövlət kimi dünya düzənində həmişə güclü mövqedə dayanması üçün çağdaş jurnalistikamızın və biz jurnalistlərin də üzərinə böyük məsuliyyət düşdüyü xatırladılır.
Ümumiyyətlə, cənab Prezidentin bu Sərəncamını ümumən Azərbaycan mətbuatının gələcək fəaliyyət istiqamətləri ilə bağlı bitkin və hərtərəfli yol xəritəsi də adlandırmaq olar.
Sənəddə jurnalistikamızın keçmişi ilə bu gününü əlaqələndirməyə, gələcəyə baxış bucağını optimallaşdırmağa imkan verən bir çox müddəalar səsləndirilir, tutarlı arqumentlər sadalanır. Əminəm ki, Azərbaycan mediası və jurnalistikası üçün əlamətdar bir tarixlə - milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı imzalanmış bu Sərəncam böyük tarixə yüksək dəyərin ifadəsi olmaqla bərabər, həm də mediamızın sabahı və inkişafı baxımından yaddaqalan mühüm bir dövlət sənədi kimi uzun illər xatırlanacaq.
Zaman, müasir dünya bütün fəaliyyət sahələrində olduğu kimi, jurnalistika sahəsində də baş verən yeniliklərlə, sürətlə inkişaf edən informasiya texnologiyaları ilə ayaqlaşmağı, baş verən ardıcıl proseslərdən geri qalmamağı diktə edir. Bu prosesdə, şübhəsiz, biz jurnalistlərin üzərinə böyük məsuliyyət düşür. Belə məsuliyyətli dövrdə Azərbaycan dövlətinin mediamıza ardıcıl olaraq dəstək verməsi biz jurnalistlər üçün bir üstünlük, bir şansdır. Cənab Prezidentin milli mətbuatımızın 150 illik yubileyinin keçirilməsi ilə bağlı son Sərəncamı da dövlətimizin Azərbaycan mediasına ciddi dəstəyini nümayiş etdirən növbəti mühüm sənəddir. İnanıram ki, hər birimiz bu məsuliyyətin ciddiliyini nəzərə alıb üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün əlimizdən gələni edəcəyik. Buna müasir peşəkar jurnalistikamızın gücü də yetər, potensialı da".
Milli Məclisinin deputatı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli mətbuatın 150 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb. Sərəncamda medianın çağdaş dövrdə qarşılaşdığı yeni vəzifələr, rəqəmsallaşma, süni intellektin tətbiqi və dezinformasiya ilə mübarizə kimi məsələlər ön plana çəkilib.
Bu il milli mətbuatımızın yaranmasının 150-ci ildönümünü qeyd edəcəyik. 1875-ci il iyulun 22-də görkəmli ziyalı, maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşüb.
Milli mətbuatımız Zərdabi ənənələrinə söykənərək hər dövrün tələblərini uğurla yerinə yetirməklə müasir inkişaf səviyyəsinə gəlib çatıb. Dövrün, zamanın çağırışları müxtəlif olsa da, mətbuatın prinsipləri dəyişməzdir. Qərəzsizlik, obyektivlik, vətənpərvərlik, dövlət maraqlarını hər zaman uca tutmaq prinsiplərini fəaliyyətində mühüm dəyərlər kimi hər zaman öndə saxlayan müstəqil mətbuatımız çətin və şərəfli yol keçərək daim dövrün reallıqlarının təbliğatçısı olub.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələnin əsasını qoydu. 2003-cü ildən Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuata diqqət və qayğıda da özünün aydın ifadəsini tapıb. Tarixi Zəfərimizdən sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbul edilməsi media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib.
Ölkə mediasının 150 illiyinin ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi fonunda qeyd edilməsi böyük qürurdur. Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır.
Amma Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncamında qeyd edildiyi kimi, dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və sair mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.
Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklərlə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır. Yeni dövrdə qarşıya qoyulan yeni hədəflərin həyata keçirilməsində üzərimizə düşən vəzifələri yerinə yetirmək üçün dövlət maraqlarını hər zaman uca tutaraq səylərimizi daha da artırmalı, müasir texnologiyaların tətbiqini genişləndirməklə qalib Azərbaycanın həqiqətlərinin təbliğində öndə olmalıyıq”.
Demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənli: "Bildiyiniz kimi, ötən həftə cənab Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı Sərəncam imzaladı. Sərəncama əsasən, Prezident Administrasiyasına Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin etmək tapşırığı verilib. Bu, dövlət başçısının milli mətbuatımıza verdiyi dəyərin real nümunəsidir.
Dövlət başçısının yürütdüyü siyasətin təməlini qoyan Ümummilli Lider Heydər Əliyev də mətbuatımızın inkişafı istiqamətində çox mühüm addımlar atmışdı. Cənab Prezident İlham Əliyev də məhz bu addımları uğurla davam etdirir, milli mətbuatımızı daha yüksək səviyyəyə qaldırır.
Cənab Prezidentin bununla bağlı tarixi qərarları var. 2005-ci ildə “Əməkdar jurnalist” adı bərpa olundu, “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamlar imzalandı. Dövlət başçısı kütləvi informasiya vasitələrinə birdəfəlik yardımın göstərilməsi haqqında qərar qəbul etdi. Mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı verilən sərəncamlar mətbuatın inkişafında mühüm mərhələlərdən biri hesab oluna bilər. Sərəncama uyğun olaraq mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atıldı. Həm jurnalistlərə mənzillərin verilməsi, həm də güzəştli ipoteka şəraitinin yaradılması belə nümunələrdəndir.
Mətbuatımızın maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən jurnalistlərin sosial probleminin həll edilməsi dünyanın mövcud informasiya müharibəsindəki şərtlər baxımından xüsusilə əhəmiyyətlidir. Çünki ölkənin informasiya mühitinə kənar müdaxilələr adətən maliyyə axınının təmin edilməsi ilə həyata keçirilir və sosial problemləri olan jurnalistlər bu cür müdaxilə cəhdlərində potensial iştirakçıya çevrilə bilirlər. Bu, yaxın tariximizdə təcrübə ilə də öz təsdiqini tapıb. Ancaq sosial problemləri həll edilmiş jurnalistlər isə daha azad olurlar. Bu, həm kənar müdaxilə cəhdlərinin qarşısını böyük ölçüdə alır, həm də mətbuatın peşəkar fəaliyyətini stimullaşdırır. Bütün bunlar onlayn media subyektləri də daxil olmaqla mətbuatımızın dövlət tərəfindən dəstəklənməsi də inkişafa və peşəkarlığa yol açan amillərdəndir.
Bu gün cənab Prezident İlham Əliyev belə demək mümkünsə, peşəkar və azad fəaliyyəti təmin etmək məqsədilə mətbuatımızı qayğılardan xilas edib. Nəticələr ortadadır, xüsusilə son beş ildə yazılı və onlayn medianın, ümumiyyətlə, milli mətbuatımızın inkişafı hər şeyi ifadə edir.
44 günlük Vətən müharibəsindən sonra “Media haqqında” qanunun qəbul edilməsi, Medianın İnkişafı Agentliyinin yaradılması, agentliyin qısa müddətdə mətbuatın problemlərinin həlli və peşəkarlaşması istiqamətində gördüyü böyük işlər ən mühüm addımlardan hesab olunur. Tam məsuliyyətimlə deyərdim ki, bu gün Medianın İnkişafı Agentliyi üzərinə qoyulan missiyasını uğurla icra edir. Həm jurnalistlərin sosial və mənzil-məişət problemlərinin həllinə töhfə verir, həm mediamızın peşəkarlığının artırılması istiqamətində işləyir, həm də sıravi jurnalistlərlə mütəmadi şəkildə görüşlər keçirir, onların problemlərini dinləyir. Hazırda Medianın İnkişafı Agentliyi dövlətlə jurnalistlər arasında mühüm körpü rolunu oynayır. Bütün bunlar informasiya müharibəsində Azərbaycanın mövqeyinin güclü olmasına da ciddi zəmin yaradır. Şübhəsiz ki, bütövlükdə bütün bunlar məhz cənab Prezidentimizin milli mətbuatımıza göstərdiyi qayğı və diqqətin bariz nəticəsidir. Çünki dövlət başçısı öz çıxışlarında qeyd edir ki, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib, rəqabət qabiliyyətini artırıb. Lakin cənab Prezident dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Bunlar qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.
Sevindirici hal odur ki, mediamız və jurnalistlərimiz müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını uca tuturlar, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklərlə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha çox fəallıq göstərirlər.
Cənab Prezidentimizin də mediadan yalnız bir istəyi var: milli maraqlarımızın əleyhinə olan informasiya zibilliyini sıradan çıxarmaq, peşəkar fəaliyyətlə qlobal informasiya bazarına daxil olmaq. Bu, Sərəncam bir daha göstərdi ki, 150 yaşı olan milli mətbuatımızın gələcəyi işıqlıdır, çünki cənab Prezident İlham Əliyevin qoyduğu təməl kifayət qədər sağlam və güclüdür".
"AzNews.az" analitik informasiya portalının Baş redaktoru Taleh Şahsuvarlı: "Azərbaycan mətbuatının 150 illiyi olduqca önəmli bir tarixdir, müasir ictimai fikir müəssisəmizin yubiley yaşıdır. “Əkinçi” qəzetinin işıq üzü görməsi ilə Çar Rusiyasının işğalına məruz qalmış feodal bir toplumda bir məşəl yandırıldı. Əgər biz “Əkinçi” qəzetinə ərəb əlifbası ilə nəşr olunan, məhdud tirajlı, geniş senzuraya məruz qalan bir mətbuat orqanı kimi baxsaq, yanlış düşünmüş olarıq. Hərçənd bunlar həqiqətdir. Məsələ ondadır ki, “Əkinçi” ilə toplumumuz millətləşmə prosesində böyük bir addım atmış, modernizmin ən başlıca instrumentlərindən birini yaratmışdı. Bununla da ictimai fikir müəssisəmizin formalaşması üçün maarifçi düşüncə tarixi bir nailiyyət əldə etmişdi. Bütün bunları nəzərə aldıqda Azərbaycan Prezidenti İlham Əliyevin milli mətbuatımızın 150 illiliyinin qeyd edilməsi haqqında sərəncam imzalaması olduqca təqdirəlayiqdir. Çünki istər tarixi, istərsə də müasir planda Azərbaycan mətbuatı bizim millətləşmə və dövlətləşmə prosesimizin ən mühüm bazalarından biridir.
Azərbaycan mətbuatı tarixən milli maraqlarımızın ifadəçisi olduğu kimi, müasir dövrümüzdə də ölkəmizin tərəqqisinə şərəflə xidmət edən bir düşüncə hərəkatıdır. İkinci Qarabağ Savaşında canını vətənə fəda etməyə hazır qəhrəman nəslin formalaşmasında müasir mediamız çox böyük rol oynayıb. Torpaqlarımızın işğal faktına qarşı bütün dünyaya meydan oxumuş və sonda böyük zəfəri müjdələmişik. Məncə, özümüzlə qürur duymaq üçün çox səbəbimiz var. İndi bu səbəblərin hər birini geniş şərh etmək istəmirəm. Sadəcə, onu deyim ki, ölkəmizi müxtəlif rəngli inqilablar proyektlərindən yayınaraq güclü bir dövlətə çevrilməsinə milli mediamız birmənalı dəstək verib və nəticədə ermənilərin Azərbayacana qarşı yaşı mətbuatımızdan bir qədər çox olan ərazi iddialarını məhv etmişik. Ümid edirəm ki, bu sərəncam çox yüksək səviyyədə icra olunacaq və milli mətbuatımızın 150 illiyi böyük tədbirlərlə qeyd ediləcək".
“Türküstan” Media Qrupunun Baş redaktoru Aqil Camal: "Azərbaycan Prezidentinin Azərbaycan Milli Mətbuatının yaradılmasının 150 illiyi ilə bağlı verdiyi Sərəncam bütövlükdə dövlətin media siyasətinin davamıdır. Sərəncamda Azərbaycan mətbuatının keçdiyi tarixi yol, o cümlədən Azərbaycan dövləti tərəfindən medianın dəstəklənməsi ilə bağlı konkret faktlar əhatə olunub.
2009-cu ildən Azərbaycanda kütləvi informasiya vasitələrinin dövlət tərəfindən dəstəklənməsi həyata keçirilir. Bunlar müvafiq layihələr əsasında olur. İstər qəzetlər, istər onlayn media subyektləri təqdim etdikləri layihələr əsasında Media Agentliyi tərəfindən dəstəklənir. Bu müddətdə Azərbaycan mətbuatı dövrün həm texnoloji, eyni zamanda digər çağırışlarına uyğun olaraq formalaşma mərhələsi keçib. Bu gün demək olar ki, ən azı yerləşdiyimiz regionda Azərbaycan mediası layiqli şəkildə təmsil olunur. Hər hansı qonşu ölkə mediasından geri qalmır. Həm operativliyinə, həm obyektivliyinə görə geri qalmır. Bu baxımdan 150 illiyə Azərbaycan mediası üz ağlığı ilə çıxır. Qlobal dünyada yeni texnoloji imkanlardan istifadə etmək, yenilənmək bu gün Azərbaycan mediasının qarşısında əsas vəzifələrdəndir. Biz hesab edirik ki, artıq yeni dövrdə indiyə qədər gəlmiş nəticələr əsasında Azərbaycan mediası daha da inkişaf edəcəkdir. Bunun üçün dövlət üzərinə düşən addımları atır. O addımlar ki, bir çox ölkələrdə belə yanaşmalar yoxdur. Hesab edək ki, 150 illiyə Azərbaycan mediası gəldiyi nəticələri növbəti mərhələlərdə də uğurla davam etdirəcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə