"Yeni dünya düzəni uğrunda mübarizə gedir" - MÖVQE BİLDİRİLDİ

"ABŞ və Çin liderləri Donald Tramp və Si Cinpin arasındakı görüşdən sonra tərəflərin mətbuata açıqlama verməməsi mənə elə gəlir ki, görüşün gözləntilərdən bir qədər uzaq olduğunu göstərdi". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.

Onun sözlərinə görə, Donald Tramp hər nə qədər görüşün möhtəşəm keçdiyini və danışığın normal baş tutduğunu desə də, görünür ki, hələ də açıqlanacaq konkret razılaşmalar və ya atılacaq addımlar yoxdur: "Buna görə də mətbuat konfransı keçirilmədi. Ola bilər ki, görüş zamanı hər iki tərəf narahatlıqlarını və istəklərini dilə gətirib, qarşılıqlı şəkildə şifahi anlaşmalara gəliblər. Ancaq görünən odur ki, həm Si Cinpin, həm də Donald Tramp öz ölkələrinə qayıdaraq dövlət strukturları ilə məsləhətləşmələr aparmalı və hansı addımların atılacağına dair qərar qəbul etməlidirlər.

ABŞ və Çin arasında hazırkı gərginlik təkcə Tayvanın müstəqilliyi, Ukrayna müharibəsi və Yaxın Şərqdəki vəziyyətlə məhdudlaşmır. Burada yeni dünya düzəni məsələsi var və hər iki dövlət bu düzənin əsas aparıcı qüvvəsi olmaq istəyir. Bəli, çoxqütblü dünya formalaşır, lakin həm Çin, həm də ABŞ bu sistemin əsas güc mərkəzi olmaq uğrunda rəqabət aparır. ABŞ iqtisadi layihələrdə – nəqliyyat, enerji və nadir metallar sahəsində dominant mövqeyini qorumaq istəyir, Çin isə bu mövqeni ABŞ-a vermək niyyətində deyil. Buna görə də həm hərbi, həm də siyasi sahədə tərəflər bir-birinə qarşı mövqe sərgiləyir və rəqib kimi çıxış edirlər. Bu təzadlı məsələlərin həlli təkcə liderlərin razılığı ilə mümkün deyil. Burada mübarizənin nəticəsini gözləmək lazımdır. Sonda ya bir tərəf üstün gələcək, ya da heç biri qalib olmayacaq. Yəni çoxqütblü sistemdə iki əsas güc – ABŞ və Çin – bərabər mövqe tuta bilər.

Hazırkı vəziyyətdə bu rəqabət dünya siyasətinə, hərbi münaqişələrə və iqtisadi sabitliyə ciddi təsir göstərir. İkinci və üçüncü dünya ölkələri bu gərginlikdən ən çox zərər çəkə biləcək dövlətlərdir və siyasi sabitliyin pozulması ehtimalı da yüksəkdir. Bu baxımdan, ABŞ–Çin danışıqları hələ ki, sabit və etimada əsaslanan münasibətlərin formalaşması üçün real zəmin yaratmır. Ola bilər ki, tərəflər qarşılıqlı narazılıqları dilə gətirib və onların aradan qaldırılması üçün müəyyən öhdəliklər götürüblər. Ancaq bu öhdəliklərin yerinə yetirilməsi hər iki tərəfin daxili məsləhətləşmələrindən asılı olacaq. Nəticədə ortaq nöqtəyə gəlmək yalnız tərəflərdən birinin müəyyən maraqlarından imtinasını tələb edəcək ki, bu isə hələ ki, real görünmür".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə