Gəncədə oftalmologiya sahəsinin inkişafı ilə bağlı müzakirələr aparılıb

Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Gəncə şəhərində XIV Regional konfrans keçirilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirin məqsədi oftalmologiya sahəsində aparılan son elmi tədqiqatların nəticələrini, yeni texnologiyaları və innovativ müalicə üsullarını təqdim etmək, həmçinin bu yeniliklərin praktiki tibbi fəaliyyətə tətbiqi imkanlarını müzakirə etməkdir.

Konfransda çıxış edən Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədrinin müavini, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin bölmə rəhbəri Yazgül Abdıyeva bildirib ki, oftalmologiya sahəsi çox sürətlə inkişaf edir. Bu səbəbdən də belə regional elmi konfransların keçirilməsi bölgələrdə fəaliyyət göstərən həkimlərin peşəkar səviyyəsinin yüksəldilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Digər çıxış edənlər də tədbirin region və paytaxt oftalmoloqları arasında bilik və təcrübə mübadiləsini gücləndirməklə, ölkə üzrə oftalmoloji xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət etdiyini deyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə