"Zəfər Günü Azərbaycanın tarixi qürur günüdür" - ŞƏRH EDİLDİ

"8 noyabr Zəfər Gününün Azərbaycanda çox böyük əhəmiyyəti var. Azərbaycan böyük bir yarasından – Allahın izni ilə – qurtuldu. Azərbaycan qələbə qazandı. Azərbaycan postsovet məkanında ikinci dövlət olaraq ərazi bütövlüyünü təmin etdi". Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Onun sözlərinə görə, Azərbaycan, müsəlman dünyasında – Osmanlının süqutundan sonra – müstəqil şəkildə müharibədə qələbə qazanan yeganə dövlətdir: "Düzdür, kolonial müharibələri və digər bu kimi hadisələri nəzərə almasaq, müstəqil olaraq müharibə aparıb qalib gəlmək nadir hadisədir. İkinci Dünya Müharibəsindən bu yana hansı müsəlman ölkəsi bunu bacarıb? Bunu Azərbaycan bacardı. Türk dünyasında da belə bir mühtəşəm qələbəni Azərbaycan qazandı.

Türk ölkələri arasında son uğurlu hərbi əməliyyatlar yalnız Türkiyənin Şimali Kiprlə bağlı addımları olmuşdu. Amma ümumilikdə türkdilli ölkələr savaşmır. Azərbaycan isə bu qələbə ilə həm İslam dünyasında, həm türk dünyasında güc nümayiş etdirdi. Rusiya, məsələn, uzun müddətdir ki, Ukraynada uğur əldə edə bilmir. Amma Azərbaycan çox qısa müddətdə uğur qazandı. Biz o vaxt təxmin edirdik ki, Qarabağı bəlkə də 2-3 aya azad edə bilərik. Amma faktiki olaraq 44 günlük müharibə və 3 ildən sonra 1 günlük antiterror əməliyyatı nəticəsində biz bu qələbəni 45 gündə qazandıq.

Bu qələbənin hərbi əhəmiyyəti bir yana, ideoloji və tarixi əhəmiyyəti daha da böyükdür. Qarabağ son 100 ildə ilk dəfə Azərbaycanın tam nəzarətinə keçdi. Cümhuriyyət dövründə belə bu tam mümkün olmamışdı. SSRİ dövründə də Qarabağın adı bizim olsa da, faktiki olaraq dağlıq hissəsi ermənilərin nəzarətində idi. O vaxt Xankəndidə baş katib erməni idi, idarəetmənin əksəriyyəti ermənilərin əlində idi. Müstəqillik dövründə də bir müddət nəzarəti itirdik. Amma indi – Allahın izni ilə – biz Qarabağı tam nəzarətə götürdük.

Əgər 250 ili götürsək, Qarabağ xanlığı dövründən bəri ilk dəfə olaraq Qarabağ tam şəkildə ermənisiz, Azərbaycanın tam nəzarətindədir. O dövrdə belə erməni bəylikləri mövcud idi. İndi isə biz 250 ildən sonra Qarabağı tam şəkildə öz nəzarətimizə qaytardıq. Bu çox böyük bir uğurdur – ideoloji, siyasi, hərbi və tarixi baxımdan. Bu qələbənin Azərbaycan üçün nə qədər önəmli olduğunu bir neçə aspektdən izah etməyə çalışdım. Amma bu elə bir mövzudur ki, istəsəm, saatlarla danışmaq olar".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə