"Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasi kurs davam edir" - ŞƏRH EDİLDİ
"Prezident İlham Əliyev cənabları 31 oktyabr 2003-cü ildə andiçmə mərasimi keçirdi və həmin mərasimdə prezidentimizin əhatəli bir nitqi oldu. Bu nitqində Azərbaycanın daxili və xarici siyasətinin əsas konturlarını təqdim etdi". Bu sözləri SİA-ya açıqlamasında Gəncə Dövlət Universiteti Ümumi tarix kafedrası baş müəllimi Bəxtiyar Məhərrəmov deyib.

Onun sözlərinə görə, xarici siyasətdə əsas prioritet məsələ Qarabağın azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi idi. Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bu istiqamətdə ciddi və məqsədyönlü fəaliyyət göstərdi: "Bu fəaliyyətin əsas istiqamətlərindən biri Azərbaycanın beynəlxalq təşkilatlarda təmsilçiliyinin genişləndirilməsi, ölkənin mədəni, siyasi və elmi nailiyyətlərinin dünya ictimaiyyətinə çatdırılması oldu. Bu məqsədlə Prezident İlham Əliyev çoxsaylı beynəlxalq tədbirlərdə iştirak etdi, mühüm çıxışlar etdi və Azərbaycanın haqlı mövqeyini müdafiə etdi.
2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) fəxri diplomu və medalı ilə təltif olunması da bu fəaliyyətin beynəlxalq səviyyədə qiymətləndirilməsinin bariz nümunəsidir. İkinci məsələ Azərbaycanın hərbi potensialının gücləndirilməsi idi. Bu istiqamətdə də prezidentimiz xeyli işlər gördü və əslində bu istiqamətdə ilk işlər ümummilli liderimiz Heydər Əliyev tərəfindən başlanılmışdı. Lakin Prezident İlham Əliyev cənabları bunu daha da geniş şəkildə inkişaf etdirdi. Belə ki, hərbi istehsal edən zavodlar yaradıldı, hərbi potensialın gücləndirilməsi üçün poliqonlar salındı, dron istehsalına başlanıldı. Azərbaycan bu gün dünyada dron istehsalçıları sırasında ilk onluqda yer alır. Həmçinin, ondan çox silahın ixracatçısıdır. Bəzi silahlarımız isə dünya reytinqlərində ilk onluğa daxil olur. Məsələn, buna “İstiqlal” adlı snayper tüfəngimizi misal göstərə bilərik. Bu silah bir neçə dəfə modernləşdirilib.
Məhz bu nailiyyətlərin nəticəsində Azərbaycanın güclü hərbi sənayesi formalaşıb. Bəli, hələ görüləcək işlər çoxdur, lakin bu günə qədər görülən işlərin təməli çox sağlam atılıb və gələcək inkişaf üçün böyük ümidlər vəd edir. Xarici siyasətin başlıca istiqamətlərindən biri Azərbaycanın mədəni və sivil bir dövlət kimi möhkəmlənməsidir. Bəs bu istiqamətdə hansı işlər görülüb? Məsələn, 2010-cu ildə Prezidentimizin BMT Baş Assambleyasındakı çıxışını qeyd edə bilərik. Həmçinin mədəniyyətlərarası dialoq forumunun təşkili sahəsində həyata keçirilən tədbirlər də bu qəbildəndir. Bundan əlavə, Avropa Oyunları və digər beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi də Azərbaycanın dünyada müsbət imicinin formalaşmasına xidmət edir.
İqtisadi sahədə də prezidentimiz xeyli işlər gördü. Yəni andiçmə mərasimində adını çəkdiyi və üzərində xüsusi dayandığı məsələlərdən biri Azərbaycanın beynəlxalq iqtisadi fəaliyyətinin artırılması idi. Buna nələr daxildir? Məsələn, beynəlxalq enerji layihələrinin reallaşdırılması, qaz və neft sahəsində Azərbaycanın enerji habına çevrilməsi. Belə ki, Mərkəzi Asiyadan və digər ölkələrdən gələn enerji resurslarının məhz Azərbaycan vasitəsilə Avropa və dünya bazarlarına çıxarılması əsas hədəflərdən biri idi. Bunun üçün də xeyli işlər görüldü. Məsələn, TANAP və TAP layihələri, eyni zamanda NABUCCO layihəsi kimi təşəbbüslər irəli sürülmüşdü. Düzdür, NABUCCO layihəsi reallaşmadı, lakin onun irəli sürülməsi belə uğur göstəricisidir.
Prezidentimiz daxili siyasət sahəsində də böyük məsələlərə toxundu. Bunlara elmin inkişafı, təhsildə böyük irəliləyişlərin aparılması kimi məsələlər daxil idi. Məsələn, 2004-cü ildə Azərbaycan Milli Ensiklopediyasının Elm Mərkəzi yaradıldı. Daha sonra Elmin İnkişafı Fondu təsis olundu və bu fond vasitəsilə bir çox əhəmiyyətli layihələrə start verildi. Ardınca Yüksək Texnologiyalar Parkı quruldu və bu sahədə də mühüm işlər həyata keçirildi.
Eyni zamanda Azərbaycan müxtəlif ölkələrə də yardımlar edir, müxtəlif türk birliklərinə dəstəklər göstərir. Məsələn, bu yaxınlarda Əfqanıstanda qızılbaşlar üçün Azərbaycan türk dilində məktəb açıldı və bu layihə birbaşa Azərbaycanın dəstəyi ilə həyata keçirildi. Bu kimi addımlar sadəcə humanitar yardım deyil, eyni zamanda Azərbaycanın türk dövlətləri üçün mərkəzə çevrilməsi istiqamətində atılan uğurlu siyasi addımlardır. Məhz bu siyasətin nəticəsidir ki, müasir dövrdə İran Azərbaycanı əhalisi arasında İlham Əliyev cənabları şəxsiyyət kimi lider olaraq qəbul edilir. İran isə bunun qarşısını almaq üçün müəyyən addımlar atmağa çalışsa da, indiyədək bu cəhdlər uğursuz olub.
Biz yekun olaraq deyə bilərik ki, prezidentimiz 31 oktyabr 2003-cü ildə Azərbaycan cəmiyyəti qarşısında verdiyi vədlərə, ortaya qoyduğu siyasi prioritetlərə tam şəkildə əməl edir və bu istiqamətdə böyük uğurlar əldə olunub. Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə yüksək səviyyədə təmsil olunması, ölkənin iqtisadi nailiyyətləri, ölkədə həyata keçirilən meqalayihələr — bütün bunlar məhz prezidentimizin 31 oktyabr 2003-cü il tarixli andiçmə mərasimindəki çıxışında bəyan etdiyi siyasi kursun ya birbaşa davamıdır, ya da həmin kursun uğurlu nəticəsidir".
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    .jpg)

.jpg)
 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    .jpg) 
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB