"Bu sadəcə insanların öz evlərinə qayıtması demək deyil" - ŞƏRH EDİLDİ

"Böyük Qayıdış proqramının təsirləri təkcə əhali sayının artması ilə məhdudlaşmır, o, həm də bölgənin sosial-iqtisadi inkişafına ciddi töhfələr verir". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Qarabağ regionunda aparılan infrastruktur layihələri, yeni yolların, məktəblərin, xəstəxanaların və ictimai xidmət obyektlərinin tikintisi regionun həyat səviyyəsini yüksəldir və uzunmüddətli dayanıqlı inkişafın əsasını qoyur: "Eyni zamanda, iqtisadi layihələr Böyük Qayıdışın mərkəzində durur. Yeni müəssisələrin yaradılması, kənd təsərrüfatı, turizm, sənaye və xidmət sahələrində investisiyaların təşviqi bölgədə iş imkanlarını artırır, əhalinin məşğulluğunu təmin edir və yerli iqtisadiyyatı canlandırır. Sosial layihələr isə insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilmişdir; burada mənzillərin, sosial xidmətlərin və mədəniyyət mərkəzlərinin tikintisi xüsusi rol oynayır. Böyük Qayıdış proqramı sadəcə insanların öz evlərinə qayıtması demək deyil. O, həm də onların layiqli işlərlə təmin olunması, sosial rifahın yüksəldilməsi və regionun dayanıqlı şəkildə inkişaf etdirilməsi prosesini əhatə edir. Bu proqram Qarabağın həm fiziki, həm də iqtisadi və sosial infrastrukturunun yenidən qurulması, bölgənin uzunmüddətli inkişaf strategiyasının həyata keçirilməsi üçün əsas vasitədir".

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə