“Psixoloji dəstək boşanmalarının sayının azalmasında əhəmiyyətli rol oynaya bilər” - PSİXOLOQ DANIŞDI

“Ailə öz qayda- qaunları olan, sərhədləri özünə məxsus bir sistemdir. Ailə psixologiyası dedikdə orada yaşayan hər iki tərəfin birlikdə münasibəti, dünyaya göz açan uşağın valideynləri ilə münasibəti, uşağın böyüdüyü ailə mühiti, nənə-baba, qohumlar ilə münasibət və s. nəzərdə tutulur. Sağlam ailə dəyişikliyə uyğunlaşır,müvafiq sərhədləri təyin edir,münasibətlərdə açıq ünsiyyət qurur, məsuliyyəti üzərinə götürür, ailədəki insanlar bir-birlərinə dəstək olurlar və bir-birlərinə güvən verirlər. Həmçinin, ailə üzvləri bir-birlərinin rol gözləntilərinə uyğun davrana bilərlər və bir-birlərinə qarşı olan müsbət və mənfi hisslərini açıq şəkildə bildirirlər. Belə olduqda hər bir ailə üzvü bir-birini başa düşdüyünü hiss edərək, qayğı və sevgi ilə münasibət qurur və özlərini dəyərli, ailəyə aid hiss edirlər”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik (tibbi) psixoloq Narınc Rüstəmova deyib.

O bildirib ki, ailədaxili münasibətlərin pozulmasına, münasibətlərin daha da pisləşməsinə tərəflər arasında inamsızlıq, güvənsizlik, ünsiyyət problemi, psixoloji və fiziki şiddət, psixoloji problemlərin olması, tərəflərin əvvəldən ailə qurmağa hazır olub-olmaması və s. səbəb ola və irəli mərhələdə ailənin dağılmasına gətirib çıxara bilər: “Burada digər önəmli faktor da iki tərəfin də istəmədən, ailələri tərəfindən məcburi şəkildə evliliyə “məsləhət görülməsi” başqa sözlə məcbur edilməsidir.

Hər kəsə məlumdur ki, belə davranışlar müəyyən yaşa çatmış insanlara edilsə də, həmçinin yetkinlik yaşına çatmayan yeniyetmələrə, xüsusən qızlara edilir. Yetkinlik yaşına çatmadan, ailənin məsuliyyətini, mənasını dərk etmədən çox təəssüf ki, onlar ailə yükünü çəkmək məcburiyyətində qalırlar. Statistika da göstərir ki, ölkəmizdə də belə hallar təəsssüf ki, yaşanır. Belə ki, erkən nikaha sövq edilən azyaşlı öz şəxsi inkişafını tamamlamadan bir ailənin məsuliyyəti ilə yüklənir. Bu isə həmin şəxsdə bir çox hallarda psixoloji travmaların yaranmasına səbəb olur. Bu problemlərə, özgüvən əskikliyi, depressiya, natamamlıq kompleksi və s. qeyd etmək olar. Bu azyaşlıların uşaq dünyaya gətirməsi də ayrıca acı bir vəziyyətdir. Belə konfliktli ailələrdə böyüyən uşaqlar da sağlam psixologiya ilə böyümür və kiçik yaşlarından risk kateqoriyasına daxil olur və bir çox problemləri ortaya çıxır. Ona görə də istər evlilik öncəsi, istərsə də evlil dönəmində yaşanan böhran zamanı psixoloji dəstəyin göstərilməsi vacibdir. Psixoloji dəstəyin göstərilməsi boşanmalarının sayının azalmasında əhəmiyyətli rol oyana bilər. Həmçinin, bu istiqamətdə cəmiyyətin, ailələrin maarifləndirilməsi də vacib addımlardan biridir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə