Mən sağlamlığımı, oğlum isə canını qurban verdi – Çernobıl əlili

Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verəndə Ukraynanın Lvov şəhərində üç ay idi ki, həqiqi hərbi xidmətdə idim, 18 yaşım vardı. Yadımdadır, təcili sürətdə bizi əraziyə gətirib sakinlərin təxliyəsini tapşırdılar. Hadisə barədə çox məlumat verilmirdi, lakin ciddi və təxirəsalınmaz tədbirlər görülürdü. Təbii ki, verilən tapşırıqları canla-başla yerinə yetirirdik, qarşıda bizi nələrin gözlədiyini isə heç təxmin belə etmirdik. Daha çox yaşca bizdən böyük olanlar aylarla Çernobılda gedən proseslərin yaxın iştirakçısı oldular. Mən isə cəmi iki həftə ərzində həm təxliyə tədbirlərinə qoşuldum, həm də əhalinin əraziyə yenidən qayıtmaması üçün Pripyat və Çernobıl şəhərlərinin də daxil olduğu 30 kilometrlik radiusda yaradılan “təcrid zonası”nda keşik çəkdim. On üç günün fəsadları sonradan üzə çıxmağa başladı, özü də çox ağır şəkildə…

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu ikinci qrup Çernobıl əlili Bərxudar Nağıyev deyib.

B.Nağıyevin sözlərinə görə, güclü şüalanma onun sağlamlığında mənfi təsirlərlə yanaşı, ailə üzvlərinə də təsirsiz ötüşməyib. Buna baxmayaraq, ölkəmiz adına bəşəriyyətin bəladan xilası üçün çalışmağın, vacib missiyanı uğurla tamamlamağın və insanlığa fayda verməyin qürurunu yaşayır.

“Çernobılçılar çox vətənpərvərdirlər. Onlardan bir qismi Birinci Qarabağ döyüşlərində iştirak etdi, şəhid ya qazi oldu, bir qisminin isə övladları Vətən müharibəsi şəhidi ya qazisidir. Mənim övladlarımdan biri – Xüsusi Təyinatlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Yusif Nağıyev Vətən müharibəsi şəhididir. Aprel döyüşlərinin də iştirakçısı olan Yusif 44 günlük müharibədə 25 gün ən qaynar nöqtələrdə döyüşüb, Kəlbəcər, Cəbrayıl və Xocavənd rayonları uğrunda savaşlarda xüsusi rəşadət, şücaət və qorxmazlıq nümayiş etdirib. O, döyüşməklə yanaşı, silah yoldaşlarına olan vəfa borcunu da layiqincə yerinə yetirib. Güllələrin yağış kimi yağdığı məqamlarda belə şəhid və yaralıların döyüş meydanlarından çıxarılmasında xüsusi şücaət göstərib. Hadrut istiqamətində gedən döyüşlərdə yüksəkliklərin azad edilməsində və düşmən hücumlarının qarşısının alınmasında Yusifin əvəzsiz xidmətləri olub. Arzusu Şuşaya qədər getmək olsa da, çox təəssüf ki, oktyabrın 21-də Şuşanın bir addımlığında - Xocavəndin Tuğ kəndində qızğın döyüşlərdə şəhadətə yüksəldi. Şəhid olduqdan sonra Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Rəşadət” ordeni, “İgidliyə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edildi. Özündən yadigar Aqşin adında bir oğlu qalıb. Onu da atası kimi qəhrəman, vətənpərvər yetişdirəcəyəm. Fəxr edirəm ki, mən də, oğlum da üzərimizə düşən missiyanı layiqincə yerinə yetirdik. Mən sağlamlığımdan keçdim, o isə canını qurban verdi...”, - deyə B.Nağıyev fikirlərinə yekun vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə