Partnyorumuzla münasibətimizi necə yaxşı edə bilərik? - PSİXOLOQ İZAH ETDİ
“İnsan olaraq hər birimiz bir çox şeylə eyni anda qarşılıqlı əlaqədə oluruq. İş yoldaşlarımızla, qonşularımızla, ailəmizlə, dostlarımızla, övladımızla, həyat yoldaşımızla, sevgilimizlə olan münasibətimiz kimi… hər münasibət fərqli olsa da, ortaq nöqtələri də çoxdur. Bu postda isə biz partnyorumuzla olan münasibəti daha maraqlı etmə yollarından danışacağıq”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Onun sözlərinə görə, uğurlu və xoşbəxt bir həyat, münasibətlərimizin sağlam və xoşbəxt olmasıyla birbaşa əlaqəlidir: “Münasibətimizlə bağlı qidalandırıcı təsir göstərən hisslərimiz həm sosial, həm də həm şəxsi həyatımızdakı təsirilə özümüzü yaxşı və pis hiss etməyimizi müəyyənləşdirir. Bunlar sadəcə özümüzə deyil qarşı tərəfə də birbaşa təsir göstərir. Münasibəti idarə etmək hisslərlə, hisslərin idarə olunması isə emosional zəkamızla əlaqəlidir. Sosial münasibətlərimizdə isə koqnitiv zəkamızdan çox emosional zəkamız altiv fəaliyyət göstərir. Münasibətimizdə həyəcanı itirməmək üçün emosional zəkamızla müxtəlif profilaktik tədbirlər görüb bunları tətbiq edə bilərik”.
Psixoloq həmçinin qeyd edib ki, birincisi, doğru ünsiyyət qurma üsulu: Emosional zəkamız ünsiyyətimizi, ünsiyyətimiz isə partnyorumuzla aramızdakı uyğunluğu və xoşbəxtliyi yaradır. Partnyorumuzun ünsiyyət dilini bilmək xoşbəxt münasibəti formalaşdırır. Bir münasibətin problemsiz olması uzunmüddət belə davam edəcəyini göstərmir. Hər şey kimi münasibətlər də zamanla köhnəlir. Bunun olmaması üçün münasibətimizə həyəcan və yenilik gətirmək xoşbəxtlik hissini artırır və münasibət uzunmüddətli olur.
İkincisi, yenilənmək, monotonluqdan xilas olmaq: Yaxşı münasibət, zamanla inkişaf etməyə, zənginləşməyə ehtiyac duyur. Həmişə eyni vəziyyətin davam olması, artıq bəlli ardıcıllıqla davam edən münasibət monotonlaşdığı üçün öz cazibəsini itirir: “Ona görə də qarşımızdakı insanla empatiya qurmalı, onun xoşuna gələn yeni şeylər tapmaqla münasibətə yeni həyəcan qatmaq üçün nələr olunacağıyla bağlı beyin fırtınası etməliyik. Buna görə də həyatımıza rəng və həyəcan qatacaq ortaq fəaliyyətlər etmək olar. Bunlar indiyə qədər yoxlanmayan, edilməyən şeylər ola bilər. Cütlük olaraq rəqs dərslərinə ya da hər hansı fəaliyyət növünə başlamaq olar. Bütün bunlar isə gələcəkdə də xoş münasibətlərimizin davam etməsinə zəmin olacaq”, - deyə psixoloq Yeganə Əsgərova fikrini tamamlayıb.
Afət Tahirqızı
Bütün xəbərlər Facebook səhifəmizdə