“Gözmuncuğu və bu kimi digər məqamlar dinimizdə xurafat sayılır. Hətta biraz irəli getsək, bu məqanlar şirk də hesab edilir. Əlbəttə bir müsəlmanı müsəlmançılıqdan çıxaracaq dərəcədə şirk hesab olunmur. Burada gizlin, yüngül şirkdən söhbət gedir. Lakin bəzi bitkilər, o cümlədən üzərliyin bioenerji baxımından müəyyən təsirləri ola bilər”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.
O bildirib ki, İslam dinində xəstəliklərin müalicəsi üçün Allah Təala tibb elmi yaradıb və İslam dinində də bu tövsiyyə olunur: “Lakin bəzi fövqəltibbi, yəni tibdən daha yüksək təsirlər var. Buraya bəd-nəzər, gözdəymə və s. aiddir. Buna görə də Qurani Kərimdə müəyyən ayələr vardır ki, insan hər gün evdən çıxarkən oxuyarsa, Allah Təala həmin insanı bəd-nəzərdən qoruyar. Belə ki, bu ayələrə Qələm surəsinin son iki ayəsini misal olaraq qeyd edə bilərik.
Əxlaqi-psixoloji tövsiyə kimi isə din böyüklərimiz deyiblər ki, maddi uğurları mümkün qədər reklam etməmək lazımdır. Çünki maddi, dünyəvi uğurlar avtomatik həsəd, paxıllıq hisləri yaradır və bəzi insanlar sizin uğurlarınıza bəd-nəzərlə baxa bilər. Dinimizdə də bu sahədə həm paxıllıq, həsəd olmasın deyə, həm də başqalarının nəfsini almayasız deyə müəyyən tövsiyyələr olunur. Məsələn, meyvə və s. aldıqda belə ya hər kəsə verilməsi, ya da qapalı vəziyyətdə evə gətirilməsi bildirilir. Eyni zamanda yaxşı yemək bişirdikdə ətri yayılırsa, yeməyin ətrini duyanlara vermək lazımdır. Qədimdən də bizim nənə-babalarımız belə edərdilər.
Bu məsələyə riayət olunarsa, insan bəd-nəzərdən qorunar. Mənəvi uğurda toqquşma yoxdur, yəni heç kəs sizin təvazökar olmağınıza həsəd aparmır. Amma maddi uğurda hər kəsin gözü olur. Bu səbəbdən də maddi uğurlara mümkün qədər diqqəti cəlb etməmək məsləhət görülür. İnsan möhkəm iradəli olarsa və qəlbini Allaha bağlayarsa, sözügedən problemlərdən amanda olar”.
Bütün xəbərlər Facebook səhifəmizdə