Əlilliyi müəyyənləşdirilmiş uşaqlara kitablar hədiyyə edilib - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Sumqayıt Sosial Xidmət Kabinetində sosial reabilitasiyaya cəlb olunan uşaqlar üçün Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya təşkil edilib. Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən SİA-ya verilən məlumata görə, ekskursiya zamanı 18 yaşınadək əlilliyi müəyyənləşdirilmiş uşaqlar kitabxana və uşaq ədəbiyyatı nümunələri ilə tanış olmaq imkanı əldə ediblər.

Ekskursiyanın məqsədi həmin kateqoriyadan olan uşaqların ictimai inklüziyası və cəmiyyətə düzgün inteqrasiyası, asudə vaxtlarının səmərəli təşkili, həmçinin onlarda mütaliə mədəniyyətini formalaşdırmaqla kitaba marağın artırılmasıdır.

Tədbir çərçivəsində uşaqlar üçün Bakı Uşaq Teatrının aktyorlarının təqdimatında “Tıq-tıq xanım” və “Qırmızı papaq” nağılları səhnələşdirilib.

Kitabxanada təşkil edilən “Nağıl saatı”nda uşaq yazıçısı Gülzar İbrahimova azyaşlılara nağıllar oxuyub.

Sonda uşaqlara kitablar hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə