“İslam dini müəyyən zaman kəsiyini əhatə edən qanun toplusu deyil” - DİN XADİMİ

“İslamda qadının dəyərini qiymətləndirmək üçün İslam Peyğəmbəri Hz.Məhəmmədin nəslinin məhz qız övladından çoxaldığını mütaliə etmək kifayət edər. Hz.Peyğəmbər öz nəslinin qızından çoxalmasından fəxr edirdi. Bu İslamda qadına verilən dəyərin göstəricisidir”. Bu sözləri SİA-ya açıqlamasında din xadimi Mircəfər Əyyubov deyib.

O bildirib ki, Peyğəmbərin qızına olan sevgisi, hörməti hər kəsi təəccübləndirirdi: “İslam dinində qadına dəyər vermək məhz buradan başladı. İslama görə qadın ailənin bir sütunudur, digər sütunu isə kişidir. Əli (s.ə.s) ilə Fatimə (s.ə.s) evlənəndə Peyğəmbər s.ə.s onlara tövsiyyə etdi ki, ev işləri Fatimənin, evdən kənar işlər isə Əlinin öhdəsinə düşsün. Əli s.ə.s isə bununla kifayətlənmir, hətta ev işlərində də Fatiməyə yardım edirdi. Həzrəti Fatimə Həzrəti Əlidən heç bir zaman nəsə ummurdu ki, birdən imkanı olmaz və xəcalət çəkər. İslamda ailə təməli belə qurulur.

Peyğəmbərin evliliklə bağlı kəlamlarına diqqət yetirsəz, təəccüblü mənzərə ilə rastlaşarsınız: “Evlilik mənim ənənəmdir və mənim ənənəmdən imtina edən, məndən sayılmaz”. Peyğəmbər bu hədisi ilə evliliyin onun nəzərində bir erkəklə bir dişinin evlənməsi deyil, evlilik dini qorumaq üçün qurulmuş təşkilat olduğunu deyir.

İslam dini müəyyən zaman kəsiyini əhatə edən qanun toplusu deyil. İslam dinində çoxarvadlılıq mövzusunu insafsızca dəyərləndirmək düzgün deyil. İslamın gəldiyi dönəmdə çoxarvadlı olmayan hər hansı bir millət tapa bilməzsiniz. Məsələn, bizim milli qəhrəman olan Babəkin xanımlarının sayı ilə bağlı tarixdə dəqiq məlumat yoxdur, lakin 2-3-dən çox olduğu bilinir. Halbuki Babək heç müsəlman da deyildi. Bütün xalqlarda bu halla rastlaşmaq mümkündür. İslam dini də xalqların, insanların, fərdlərin ictiami qanunlarına hörmət edərək, mövzuya fikir bildirmişdir. Lakin qeyd edib ki, hansısa kişi ailədə ədaləti bərpa edə bilməyəcəksə, bir nəfərdən artıq qadınla evlənməsin. Bu Qurani Kərimdə də, hədislərdə də öz əksini tapıb.

İslamın qadının maddi durumuna verdiyi ehtiram bundan ibarətdir ki, qadın qazandıqlarını ailəyə xərcləmək məcburiyyəti daşımır. Ailəni dolandırmaq kişinin borcudur. Bəzən İslama qarşı əsassız hücumlar olur ki, oğlanlara irsdən iki pay, qızlara bir pay düşməsi müzakirələrə səbəb olur. Unutmaq olmaz ki, kişi iki pay aldığı irsinin birini gələcəkdə xamınına xərcləyəcək. Lakin qadın aldıqlarını evə vermək məcburiyyətində deyil.
Bu və bu kimi məsələlər çox geniş mövzudur, bu səbəbdən də hər zaman təzad, yanlış fikirlər olur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə