Ermənistan üçün siçan tələsi - RAKURS

Avropa Ukrayna və Moldova ilə üzvlüklə bağlı danışıqlara başlayıb, Gürcüstan və Ermənistan növbədədir

Avropa İttifaqı özünün siyasi və iqtisadi arealını genişləndirmək adı altında region və qeyri-region ölkələr üzərində eksperimentlər aparmaqdadır. Bəri başdan deyək ki, avropalılar birləşmək, Avropa ailəsinin üzvü olmaq anlamında səmimi deyillər. Məqsəd bu “ailə”yə sonradan qoşulmuş ölkələr üzərində ağalıq etmək, onlara öz şərtlərini yedizdirməkdir. Bu gün Avropada xaosdur, qanunlar işləmir, söhbət üzv dövlətlərin daxili qayda və qanunlardan bərabər istifadəsindən gedir. Fransa, Belçika və Almaniya kimi ölkələr liderlik uğrunda ölüm-dirim savaşına çıxıblar. Üzdə dost, astarda düşməndirlər. Belə bir “ailə”nin olsa-olsa gəlini olmaq olar ki, bu tora düşənlər bu gün artıq o evdən qaçmaq istəyirlər.

Azərbaycanla Avropanın ayrı-ayrı ölkələri arasında iqtisadi əlaqələr, siyasi münasibətlər lazımi səviyyədədir. Yəni, hansı ölkə ilə necə və hara qədər əlaqə qurmağı ölkəmiz dəqiqləşdirib. Azərbaycan Avropanın 8 ölkəsini qazla və digər neft məhsulları ilə təmin edir, nəticə də pis deyil. Avropa İttifaqına gəlincə, burada da vəziyyət kafidir. Avrointeqrasiya istiqamətində ən mühüm addımlar atılıb, ATƏT-in üzvüyük, 2001-ci ildən Avropa Şurasına üzv olmuşuq. Eyni zamanda, Azərbaycan Avronest Parlament Assambleyasında da təmsil olunur. Amma Brexit prosesi göstərdi ki, Avropada mərkəzdənqaçma tendensiyaları da var. Yəni Avropa İttifaqının genişlənmə ilə bağlı heç bir perspektiv yoxdur. Bir çox üzv ölkələrdə çətin vəziyyət yaranıb. Onlara verilən vədlərə əməl olunmur. Belə bir şərtlər daxilində Avropa ailəsinə can atmaq nə qədər perspektivli görünür?

Ayrıseçkilik...

Avropa Birliyi vaxtilə “Şərq ölkələri tərəfdaşlıq proqramı” çərçivəsində 6 ölkəyə - Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistana yaxın 5 ildə 17 milyard avro vəsait ayrılması ilə bağlı qərar qəbul etmişdi. Cənubi Qafqaz ölkələri arasında yaxın ən çox dəstək alacaq ölkə Gürcüstan (3,9 milyard avro) hesab olunurdu. Bu gün isə Gürcüstana qarşı əsl müharibəyə başlayıblar. Niyə? Çünki Tbilisi qismən müstəqil siyasət yürütmək istədi və cavabını misli ilə aldı. Avropa Ermənistana yaxın 5 ildə əvvəl 1,6 milyard avro, son qərarlarla isə 2,6 milyard avro dəstək olacağı, Azərbaycana isə yaxın 5 ildə 140 milyon avro vəsait ayrılacağı bildirilirdi. İlk baxışdaca bunu ayrıseçkilik kimi qəbul etmək olar.
Ayrıseçkiliyin başqa bir təzahürü, Avropa İttifaqı Gürcüstan, Moldova və Ukraynailə assosiasiya sazişi imzalayıb. 2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq, hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb. Niyə?

Avropa İttifaqı postsovet ölkələrinin Avropaya inteqrasiyasını sürətləndirir. Ukrayna və Moldova iyunun 25-də sinxron şəkildə Aİ-yə daxil olmaq üzrə danışıqlara başlayır. Heç kim onlara asan yol vəd etmir: Avropa İttifaqı sonuncu dəfə postsovet ölkələrini - Latviya, Litva və Estoniyanı 20 il əvvəl öz çətiri altına qəbul etmişdi. Ermənistan da Avropaya inteqrasiya növbəsində yer tutmağa çalışır. Burada Ermənistan məsələsi unikaldır ki, respublika Rusiya ilə birlikdə Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

İyunun 21-də Moldova Prezidenti Maia Sandu ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamaq haqqında fərman imzalayıb. Sənəd həmçinin danışıqların aparılması üçün ölkənin baş nazirinin Avropaya inteqrasiya üzrə müavini Kristina Gerasimova bütün lazımi səlahiyyətləri verir. Beləliklə, Moldova tərəfi iyunun 25-də Lüksemburqda keçirilməsi planlaşdırılan Moldova-Aİ hökumətlərarası konfransına hazırlığı başa çatdırıb. Həmin gün eyni yerdə Ukrayna-Aİ hökumətlərarası konfransı keçiriləcək. “Moldova Respublikası Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirib. Ölkənin modernləşdirilməsi istiqamətində bu səylərin arxasında dövlət qurumlarından minlərlə insan dayanır və onların hər birinin işi bizim milli məqsədimizə - Moldova Respublikasını 2030-cu ilə qədər Aİ-yə daxil olmağa hazırlamaq üçün həlledici təsir göstərir". Bunu Moldova prezidenti deyib.

Ukrayna və Moldovanın Avropaya inteqrasiyası son iki ildə geniş vüsət alıb. Katalizator Rusiya-Ukrayna münaqişəsi hesab olunur. Bunun fonunda Brüssel 2022-ci ilin yayında Ukrayna və Moldovaya Aİ-yə üzv olmaq üçün namizəd ölkələr statusu verib və 2023-cü ilin sonunda onların hər biri ilə üzvlüklə bağlı danışıqlara başlamaq qərara alınıb. Danışıqların faktiki başlama tarixi və danışıqlar çərçivəsi iyunun 14-də razılaşdırılıb. Beləliklə, Avropa İttifaqı praktiki olaraq Ukrayna və Moldovanı Avropaya inteqrasiyanın son mərhələsinə prosedur nöqteyi-nəzərindən keçirir: 25 iyun iki ölkənin sinxron daxil olduğu danışıqlar marafonunun başlanğıcı olacaq. Gələcək inkişafın müsbət ssenarisi Ukrayna və Moldovanın Aİ-yə daxil olmasıdır. Bir şərtlə ki, belə bir qərar bütün Aİ-yə üzv ölkələr tərəfindən dəstəklənsin. Danışıqlar prosesi illər çəkə bilər. Məsələn, Monteneqro 2010-cu ildən üzvlüyə namizəd ölkədir və onun Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar 2012-ci ildə başlayıb. Bütün bu müddət ərzində ölkə öz qanunvericiliyini Aİ standartlarına uyğunlaşdırır.

Ukrayna və Moldova arasında ədalət mühakiməsi, azadlıqların və təhlükəsizliyin təmin edilməsindən tutmuş korrupsiyaya qarşı mübarizə, fitosanitariya və balıqçılıqdan tutmuş 33 danışıqlar bölməsinin hər biri üzrə müzakirələr aparılacaq. Aİ strukturlarındakı mənbələrin verdiyi məlumata görə, Lüksemburqdakı hökumətlərarası konfranslardan sonra onların hər birinin milli qanunvericiliyinin Aİ qanunvericiliyindən nə dərəcədə fərqləndiyini müəyyən etmək üçün iki ölkənin qanunvericiliyinin yoxlanılması davam etdiriləcək. "Biz bu prosesi davam etdirməliyik və addım-addım getməliyik... başa düşməliyik ki, bu, çətin proses olacaq, bu, Ukraynadan islahatları davam etdirməyi tələb edəcək, bu, qutuları yoxlamaqdan getmir", - bunu Polşanın Avropa İttifaqı məsələləri üzrə naziri Adam Szlapka iyunun 19-da Kiyevdə deyib.

Danışıqların başlanması istənilən halda Avropadaxili prosedurlar baxımından çox mühüm mərhələdir. Son iki onillikdə Aİ nəinki postsovet ölkələrini cəmiyyətə qəbul etmir, həm də onlardan avropapərəst seçim elan edənlərin Avropaya inteqrasiyasını xüsusilə məcbur etməməyə üstünlük verir. Keçmiş SSRİ-nin Avropa İttifaqına üzvlük formasında münasibətlərdə sıçrayış əldə edən sonuncu respublikaları Latviya, Litva və Estoniyadır. Üç Baltikyanı ölkə 2004-cü ilin mayında ittifaqa daxil olublar.

Tələdəki yem

2009-cu ildə Aİ Şərq Tərəfdaşlığı layihəsinə start verib. Əvvəlcə altı ölkəni əhatə edirdi: Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna. Bakı və Minsk lap əvvəldən Avropaya inteqrasiyaya o qədər də maraq göstərmirdilər. 2022-ci ildə Belarusun Şərq Tərəfdaşlığında iştirakı dondurulub. Nəticədə layihədə mahiyyətcə üç ölkə qaldı: Gürcüstan, Ukrayna və Moldova. Ötən il Tbilisi də Aİ-yə üzv olmaq üçün namizəd ölkə statusu alıb, lakin hələlik üzvlük danışıqlarına başlamaqdan söhbət getmir. Qərbin qəzəbinə baxmayaraq, xarici agentlər haqqında qanun qəbul edən Gürcüstan hakimiyyətinin siyasətindən Brüssel çox narazıdır.

Ermənistana gəlincə, o, 2013-cü ildə Avrasiya İqtisadi İttifaqını (Aİİ) Avropa İttifaqından üstün tutaraq yarışı tərk edib. Moskva İrəvanın mövqeyinin dəyişdirilməsində əsas rol oynayıb: Rusiya lideri Vladimir Putin o vaxtkı həmkarı Serj Sarkisyanı Rusiya ilə iqtisadi ittifaqa girməyə inandırıb. Ermənistan tərəfi son nəticədə Aİ ilə assosiasiya sazişi və Gürcüstan, Moldova və Ukraynanın etdiyi dərin azad və hərtərəfli ticarət zonasının yaradılması haqqında saziş bağlamadı. Əvəzində Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi (CEPA) imzalandı. Amma zaman dəyişir. Son zamanlar ölkənin baş naziri Nikol Paşinyan Brüssellə fəal şəkildə əlaqələr qurur və Aİ də buna qarşılıq verir.

Mart ayında Avropa Parlamenti “ölkə öz demokratiyasını gücləndirən sabit islahatlar yolu ilə getməyə davam edərsə” respublikaya Avropa İttifaqına üzvlük üçün namizəd ölkə statusunun verilməsinə icazə verən qətnamə qəbul edib. Sənəddə vurğulanır ki, bu, tərəflər arasında münasibətlərin yeni, daha yaxın səviyyəyə keçməsi üçün əsas ola bilər. Ermənistanın özündə isə bu arada Avropaya inteqrasiya ciddi və yüksək səviyyədə müzakirə olunur. Bu həftə, yəni iyunun 20-də Litvaya səfər edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan Aİ ilə tərəfdaşlığını dərinləşdirir və hazırda yeni tərəfdaşlıq proqramı üzərində işləyir. Onun sözlərinə görə, Ermənistan tərəfi “vətəndaşlarımızın istəklərinə cavab olaraq Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin əhəmiyyətli dərəcədə dərinləşməsinə” böyük əhəmiyyət verir.

Ermənistan vətəndaşlarının istəklərinə gəlincə, hazırda Ermənistanda Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi ciddi müzakirə olunur. İyunun 21-də ölkə parlamentində Avropaya inteqrasiya üzrə daimi parlament komissiyasının təşəbbüsü ilə bu mövzuda dinləmələr keçirilib. Dinləmənin mövzusu “Ermənistan Respublikasının Aİ-yə üzvlüyü üçün ərizə verilməsi məsələsi üzrə referendumun keçirilməsi təklifi haqqında”dır. Dinləmələrdə iştirak edənlərdən biri, Respublika partiyasının lideri Aram Sarkisyan belə bir plebisitin üç ay ərzində - artıq sentyabrda təşkil edilməsini təklif edib.

Moskva heç vaxt postsovet ölkələrinin Avropaya inteqrasiyasından narazılığını gizlətməyib. Müxtəlif səviyyələrdə Rusiya rəsmiləri Avropaya inteqrasiyanı “müstəmləkələşdirmə” adlandırırlar və proseslərin əsas faydalanan tərəfi ABŞ-dır. Heç kimə sirr deyil ki, “parçala və hakim ol” fəlsəfəsindən Qərb postsovet məkanına münasibətdə fəal şəkildə istifadə edir. Məqsəd göz qabağındadır – bu məkanı parçalamaq, ölkələrimizi və xalqlarımızı çəkişdirmək, xoşagəlməz qarşılıqlı fəaliyyət nümunələri tətbiq etmək, onları dünya proseslərinin kənarına itələmək. Məhz bu tamamilə dağıdıcı gündəmlə Birləşmiş Ştatlar postsovet məkanını “inkişaf etdirməyə” çalışır və faktiki olaraq öz “müstəmləkəçiliyini” həyata keçirir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Rossiyskaya qazeta”ya yazdığı məqalədə ayrıca Ermənistanın Aİ ilə yaxınlaşmasına toxunub: “Bu respublikaya təbii ki, tam müqabilində qızıl dağlar, o cümlədən Avropa İttifaqına üzvlük təklif olunur. Ancaq aldanmayın: bu cür vədlər sadəcə olaraq neokolonial siçan tələsinin yemidir”.

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə