Depressiyada olan insan hansı halda özünə qəsd belə edə bilər? - PSİXOLOQ İZAH ETDİ

"Depressiya ilə həyəcan təşviş pozuntusunun əsas fərqi ondan ibarətdir ki, depressiv insanlar keçmişi unuda bilmirlər, keçmişlə bağlı problemləri olur". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

O bildirib ki, amma həyəcan təşvişi olan insanlar gələcək zamanı çox düşünərək hal-hazırda yaşadıqları anı normal yaşaya bilmirlər: "Həyəcan təşviş pozuntusu olan insanlar bugünkü anlarını yaşaya bilmirlər. Onlar daim narahat halda olurlar. Onların narahatlıqları da gələcək zamanla bağlı olur. Görəsən, "filan işim necə olacaq?" deyə düşünürlər.

Abituriyentlərdə həyəcan təşvişi olanda onlar dərs oxumağa diqqətlərini verə bilmirlər. Daim düşünürlər ki, görəsən, neçə bal yığacaqlar, görəsən, universitetə qəbul olacaqlar, yoxsa yox? Onlara bu düşüncələr imkan vermir ki, doğru-düzgün dərslərinə hazırlaşıb nəticə əldə etsinlər. Depressiyada olan insanlar isə keçmiş zamanla bağlı problemlərini unuda bilmirlər. Keçmişdə baş verən hadisələrə görə özlərini bağışlaya bilmirlər. Depressiv insanlarda hər zamankı olan məşğuliyyətlərə, zövq aldığı yeməklərə, məkanlara əvvəlki maraq qalmır. Onlar əvvəl zövq aldığı şeylərdən daha zövq ala bilmirlər. Bu vəziyyət ən azı iki həftə davam etməlidir ki, depressiya diaqnozu qoyula bilsin.

Depressiya insanlarda müxtəlif formada özünü göstərir. Elə insan var ki, həmişə olduğundan daha çox yatır, eləsi olur, ümumiyyətlə, yuxusu qaçır, iştahda dəyişkənlik olur, elə insan var ki, çox yeyir, hətta bunun nəticəsində yemək pozuntusu meydana çıxa bilir ki, bu da ciddi psixoloji problemdir. Elə insan da olur ki, iştahı kəsilir, çox az miqdarda qida qəbul edir. Enerji itirilir, çox dəyərsiz hiss edirlər, özlərini keçmişdə olan problemlərə görə çox günahlandırırlar, diqqətlərini hər hansı işə, insana verə bilmirlər. Həddindən artıq çox düşünürlər. Əslində çox düşünmə həyəcan, təşviş pozuntusunda da var. Amma fərq odur ki, depressiv insan keçmişi çox düşünür, həyəcan təşvişi olan insan isə gələcəyi çox düşünür. Həyəcan təşvişi olan insanlar beyinlərində daim ssenari qururlar. Məsələn, həyəcan təşvişi olan bir ana beynində qurur ki, oğlum, yaxud qızım çölə çıxsa, onun başına bir daş düşəcək, yaxud kimsə onu qaçırdacaq, öldürəcək. Normal düşünə bilmirlər. Onlar çox istəyirlər ki, belə düşünməsinlər, amma özləri ilə bacara bilmirlər. Depressiyada olan insan iki həftə boyunca, demək olar ki, günün böyük bir qismində narahatlıq içindədir. Ola bilsin ki, ara-sıra gülsün, hətta gülərək duyğularını basdıra bilir. Elə bilirlər ki, o insan depressiyada deyil. Əslində çox gülmə də depressiyanın bir əlaməti ola bilər. İnsanların görünüşünə görə problemi yoxdur, demək doğru deyil. Bəlkə də, gülənin içində çox ciddi, onu yaralayan problemlər var. Depressiyada olan insan günün böyük qismi özünü günahlandırır, özünü bağışlaya bilmir, olan bir hadisə ilə barışa bilmir. Həyəcan təşvişi olan insan da günün böyük bir qismi olmayacaq şeyləri düşünməklə məşğuldur. Olmayacaq hadisəni düşünmək, daha pisdir, nəinki o hadisənin olması".

"Bəlkə də, o hadisə baş versə, insan sonra onu həll edərək həyatına davam edəcək, amma onun baş vermədən insanı bu qədər düşündürməsi daha pisdir. Mark Tvenin belə bir deyimi var: "Mən həyatda o qədər başıma gəlməyəcək şeyləri düşündüm, özümü yordum, onlar başıma gəlmədi. Amma mən onları o qədər düşündüm ki, çox enerjim getdi, yoruldum və bu düşüncəm üçün çox peşmanam". Depresiyada olan insana şablon cümlələr deyilir: "gedək gəzək, boş ver, depressiyaya girmə, vecinə alma" bu kimi şablon cümlələr ona heç bir müsbət təsir etmir. Ona görə də professional dəstək lazımdır. Depressiyada olan insan ciddiyə alınmazsa, özünə qəsd belə edə bilər.

Müalicə üçün psixiatr dəyərləndirmə aparır. Çünki bunlar tibbi psixologiyaya aiddir. Ona görə də həkim-psixiatr dəyərləndirir. Yüngüldürsə, psixoloq tək bacarır, əgər ağır formadadırsa, mütləq dərman müalicəsi də paralel tətbiq olunur" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə