"Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"“Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən reportaj yayımlanıb. Bu reportajda cənab Prezident İlham Əliyevin “Euronews”a müsahibəsi də yer alıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

O bildirib ki, ənənəvi enerji ixracatçısı olan Azərbaycan son illərdə yaşıl enerjiyə keçidlə bağlı fəal iş aparır: "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, həmçinin Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi və bu istiqamətdə atılan addımlar beynəlxalq arenada və inkişaf etmiş ölkələr ilə münasibətlərdə əlavə müsbət irəliləyişlər qazandırır. Misal olaraq “ Masdar” kimi əhəmiyyətli beynəlxalq şirkət strateji tərəfdaşımızdır. Həmçinin “ACWA Power”, BP isə sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər beynəlxalq tərəfdaşlarımızın bir çox şirkətləri var. Beləliklə, Azərbaycan üç əsas enerji şirkəti ilə anlaşma memorandumu və müvafiq müqavilələr imzalayıb. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı “Masdar” şirkəti, 12 qiqavatı “Fortescue” şirkəti tərəfindən istehsal olunacaq. “ACWA Power” şirkəti isə 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürüb. Bunlar həqiqətən də çox böyük rəqəmlərdir.

Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrik ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcı oldu. Dövlətimizin başçısının reportajda da qeyd etdiyi kimi, Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir, yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə