Gürcüstan millisi 10 milyon dollardan çox pul aldı

Gürcüstan millisinin futbolçuları Almaniyada keçirilən Avropa çempionatının pley-off mərhələsinə vəd edilən 30 milyon lari (10 milyon dollardan çox) mükafatı artıq alıblar.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

“Qrupdan çıxmaq üçün nəzərdə tutulan ilk 30 milyon artıq milli komandaya təqdim olunub. Milli komandanın oyunçuları ilə görüşdə onlara növbəti oyunda da belə bir mükafat olduğunu bildirdik”.

İyunun 26-da Gürcüstan qrup mərhələsinin final oyununda Portuqaliya yığmasını məğlub edərək (2:0) turnirin pley-off mərhələsinə vəsiqə qazanıb. 1/8 finalda gürcülər iyunun 30-da İspaniya yığması ilə qarşılaşacaq.

Bundan əvvəl hakim “Gürcü Arzusu” partiyasının təsisçisi, milyarder Bidzina İvanişvilinin “Kartu” fondu komandanın Avropa çempionatının pley-off mərhələsinə yüksələcəyi təqdirdə futbol komandasına 30 milyon lari mükafat verəcəyini açıqlamışdı. Komanda həmçinin pley-offda hər qələbəyə görə 30 milyon lari qazanacaq. Bundan başqa, Kobaxidzenin dediyi kimi, Gürcüstan hökuməti tarixdə ilk dəfə Avropa çempionatının final mərhələsinə çıxmaq üçün futbol komandasına 3 milyon lari (1 milyon dollardan çox) ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə