Ərəb mediası Qərbi Azərbaycan həqiqətlərindən yazıb - FOTOLAR

Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Əlcəzair, Livan, İordaniya və İraq portallarında “Qərbi Azərbaycana qayıtmaq amalı ilə yaşayanlar” və “Beynəlxalq ictimaiyyətə mesaj: Azərbaycanlıların öz doğma vətənlərinə - Qərbi Azərbaycana qayıtmaq hüququ təmin edilməlidir” sərlövhəli məqalə dərc olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya bildiriblər ki, məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyi tərəfindən icra edilən “Qərbi Azərbaycan həqiqətləri” layihəsi çərçivəsində yayımlanıb.

Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadənin müəllifi olduğu yazıda Ermənistanın Qərbi Azərbaycanda və Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə apardıqları və soyqırımı törətdikləri qeyd edilib. Bildirilib ki, 1988-1991-ci illərdə Qərbi Azərbaycanda 300-ə yaxın yaşayış məntəqəsindən qovulan qaçqınların hər bir ailə üzrə (ad, soyad, ata adı) dəqiq statistikası aparılıb. Qərbi Azərbaycandan qovulmuş 50 mindən çox ailəyə dəymiş ziyan hesablanır. Ümumi olaraq Ermənistandan deportasiya edilmiş 300 mindən artıq azərbaycanlının qayıdış hüququnu beynəlxalq ictimaiyyət bilməlidir.

Məqalədə Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə Qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalması ilə bağlı fikirləri yer alıb: “Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar... Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq”.

Müəllif, həmçinin Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qalan soydaşlarımızın şahidi olduqları faktlardan, eləcə də onların xatirələri və Qərbi Azərbaycana qayıtmaq arzularından yazıb. Qeyd edib ki, bu gün Qərbi azərbaycanlılar öz ata-baba yurdlarına qayıtmaq ideyası, arzusu ilə yaşayırlar. Bu, onların təbii, tarixi, insani olaraq qayıdış haqqıdır”.

Yazıda ermənilərin hər zaman olduğu kimi, yenə də Qərbi azərbaycanlıların doğma torpaqlarına hüquqi olaraq qayıdışı ilə bağlı qondarma fikirlər yayması vurğulanıb. “Son zamanlar Qərbi azərbaycanlıların öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtması ilə bağlı haqlı tələbini Ermənistan rəhbərliyi təəssüf ki, düzgün anlaya bilmir. Ermənistan müxtəlif beynəlxalq platformalardan ölkəmizə qarşı aqressiv, böhtan xarakterli ritorikaya son qoymalıdır. Azərbaycanlılar həm Qərbi Azərbaycanda, həm də Qarabağda birgəyaşayışın tərəfdarıdır. Onların öz evlərinə qayıtmaları insan haqlarının və ədalətin təntənəsi olmaqla bərabər, Ermənistan ilə Azərbaycan arasında davamlı sülhün bərqərar edilməsi üçün zəruri şərtdir. Beynəlxalq ictimaiyyət bu məsələni bilməlidir. Qərbi azərbaycanlılar öz ata-baba torpaqlarına qayıdaraq dinc yaşamaq istəyirlər. Bu gün Qərbi azərbaycanlıların geriyə qayıdışı üçün beynəlxalq ictimaiyyətin dəstəyinə daha çox ehtiyac var”, - deyə məqalədə vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə