Təbii fəlakət şimal-qərb bölgəsində təsərrüfatlara ciddi ziyan vurub - FOTOLAR

Ötən gün leysan yağışları, dolu və güclü külək şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax və Şəkinin bir sıra kəndlərində ciddi fəsadlar törədib. SİA xəbər verir ki, bir sıra kəndlərdə sel suları yolları dağıdıb, güclü külək və dolu təsərrüfatlara ciddi ziyan vurub.

Təbii fəlakət Zaqatalanın bir neçə yaşayış məntəqəsində daha çox fəsad törədib. Güclü külək və dolu Zaqatalanın Çobankol, Qımır, Suvagil və Gözbarax kəndlərində əksər ağacların budaqlarını qırıb, eləcə də meyvəsini yerə töküb. Təbii fəlakət əhalinin əsas gəlir mənbəyi sayılan fındıq bağlarına da ciddi ziyan vurub.

Zaqatalada əhalinin əsas gəlir mənbəyi fındıq məhsulu sayılır. Təbii fəlakət nəticəsində rayonun Çobankol, Gözbarax, Qımır, Suvagil, eləcə də Maqov və Danaçı kəndlərinin əksər fındıq bağlarında ağacların budaqları qırılıb, məhsul yararsız hala düşüb.

Çobankol kənd sakini Şirin Mustafayevin də fındıq təsərrüfatına ciddi ziyan dəyib. 78 yaşlı Şirin Mustafayev deyir ki, dolu təxminən 30-40 dəqiqə müddətində yağıb və nəticədə təsərrüfatı məhv olub.

Təbii fəlakət fındıq bağları ilə yanaşı, qarğıdalı sahələrinə, qoz bağlarına da ciddi zərər vurub.

Qeyd edək ki, təbii fəlakət Zaqatalanın kəndləri ilə yanaşı, Balakən şəhəri və ətraf kəndlərdə, Qaxın Zərnə, Ləkit və Güllük, Şəkinin İnçə, Zunud, Baş Layısqı və Biləcik kəndlərində də fəsadlar yaradıb. Əsasən kənd təsərrüfatı məhsulları, bostan-tərəvəz bitkiləri məhv olub.

Rayon Fövqəladə Hallar komissiyalarından verilən məlumata görə, kənd təsərrüfatı məhsullarına və sakinlərin fərdi təsərrüfatlarına dəyən zərərlə bağlı komissiyalar işini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə