"Obsessiv kompulsiv pozuntu bir az zaman alan narahatlıqdır" - PSİXOLOQ İZAH ETDİ

"Obsessiv kompulsiv pozuntu problemi el arasında vasvasılıq, sofuluq, titizlik xəstəliyi kimi tanınır". Bu sözləri SİA-ya açıqlamasında uşaq, yeniyetmə və yetkin psixoloqu Nigar Ağabağırova deyib.

Psixoloq bildirib ki, bu obsessiv kompulsiv pozuntunun növləri çoxdur: "Amma onlardan biri də köhnə adı ilə təmizlik nevrozudur. Bu insanlar özlərindən asılı olmayaraq düşünürlər ki, "sildiyim yeri təmiz silmədim, bir daha silim, yaxud hər yerdə mikrob var, hər yerdə kir var. Mən o mikrobu udub xəstəliyə tutulacam". Obsessiya insanın istəkdən kənar ağlına gələn, təkrarlanan düşüncələridir. Kompulsiyaya da həmin düşüncələrdən xilas olmaq üçün insanın etdiyi hərəkətlər, rahatlaması üçün evi yenidən silməsi, saatlarla hamamda qalması kimi hərəkətlər daxildir. Düşünür ki, nə qədər çox hamamda qalarsam, o qədər təmizlənərəm. Bu etdiyi hərəkət artıq kompulsiya olur. Yəni obsessiv kompulsiv pozuntu adlanır. Bu insanlar hətta 3-4 saat hamam otağında çimirlər. Düşünürlər ki, mikroblardan belə xilas ola bilərik. Ona görə də yaxınları çox əziyyət çəkirlər. Belə olan halda dəri xəstəlikləri də yarana bilir. Çünki dəriləri o qədər yuyulur ki, artıq qabıq verməyə başlayır. Onlar sabun, kimyəvi təmizləmə vasitələrindən həddindən artıq istifadə edirlər. Bu da dəri xərçənginə qədər apara bilər.

Təmizlik nevrozu hansısa travma sonrası da meydana gələ bilər. İnsan nədənsə qorxduqda, nədənsə iyrəndikdən sonra baş qaldıra bilər. Hansısa hadisə bu obsessiyanın üzə çıxmasına təkan verə bilər. Eyni zamanda bir pasiyentimin anası bildirmişdi: "Pandemiyada mənim övladımda təmizlik nevrozu yaranmağa başladı. O, pandemiyada çox karantindən, çox spirtlənmədən narahat olduğu üçün, xəstəliyin keçəcəyini, hər an öləcəyini düşünürdü". Bu fikir yanlışdır. Sadəcə həmin insanlar özləri ilə heç cür bacara bilmirlər. Eləsi olur ki, bu davranışın, yəni vasvasılığın, lazımsız təmizkarlığın doğru olmadığını bilir. Deyir ki, "Mən bilirəm, bu doğru deyil, amma özümlə bacarmıram".

Bir qrup insan da deyir ki, "Düz düşünürəm, çox əllərimi yusam, daha təmiz olacam, əllərimi çox spirtləsəm, daha yaxşı olacaq". Fərqində olmayan insanlarla çalışmaq daha böyük zaman tələb edir, daha da çətin olur. Obsessiv kompulsiv pozuntu 60% ana irslə bağlı olur. Çox zaman belə problemi olan insanların ailə üzvlərində çox təmizkarlıq görünür. Xüsusən də, anada və ana nəsildə görünür. Amma digər 40% travma, pandemiya sonrası meydana çıxır.

Müalicəsi necədir?

Obsessiyanın müalicəsində mütləq psixiatrik dəstək lazımdır. Yüngül formalarında, yeni başlayanda onu dərmansız düzəltmək mümkündür. Amma bir neçə il davam edirsə, daha ağır formadadırsa, psixiatr dəstəyinə də ehtiyacımız olur. Onunla paralel olaraq psixoloq dəstəyi ilə bu problemi aradan qaldırmaq olur. Obsessiv kompulsiv pozuntu bir az zaman alan narahatlıqdır".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə