DUZDAĞ: bir udum nəfəslə...

Yer üzündə olan saysız-hesabsız, görünüşcə yaraşıqlı, çoxmərtəbəli xəstəxanalardan, klinikalardan fərqli bir məkanda – təbiət özünün nəsibini dəniz səviyyəsindən 1173 metr hündürlüyə bəxş edib. Yerin altına sığdırdığı möcüzəvi şəfa ocağının girintili-çıxıntılı sal duzların əhatə etdiyi yüz metrlərlə uzanan tunelində irəliləyərkən və duzun möhtəşəm qoxusunu alarkən düşünürsən: necə ki dünyada çox sayda insanlar var, müxtəlif xəstəliklər də var. Elə bu xətəliklərlə insanlar böyük şəhərlərin ən məşhur xəstəxanalarına, klinikalarına üz tutur, şəfa axtarırlar. Və bu şəfa ocaqlarından əllərində bir xeyli dərman siyahısı olan reseptlərlə ayrılırlar. Bu reseptlər faydalı da ola bilir, faydasız da. Bəs burada – Duzdağ Fizioterapiya Mərkəzində? Bəli, burada xəstəlik deyəndə ilk düşünülən iynələrdən, dərmanlardan fərqli olaraq, sadəcə, bir udum nəfəslədir müalicə.

Yüzlərlə insanın üz tutduğu möcüzəli məkan

Dünyanın neçə-neçə ölkəsindən yuxarı tənəffüs yolları, ağciyər xəstə­likləri və allergiyalardan əziyyət çəkib həkimlərə müraciət edən, bir yığın iynə-dərman müalicəsindən sonra sağlamlığına qovuşa bilməyən yüzlərlə insan üz tutur bu şəfa ocağına. Necə ki qədim Naxçıvanda dağların zirvəsindən süzülüb gələn bulaqların suyu, torpaqdan baş qaldıran hər gül-çiçək, ot min bir dərdə dərman, məlhəmdir, bu təbii duz qalereyası da, həqiqətən, öz möcüzəsi ilə müalicə edir insanları.

Dörd bir yanda gecənin sayrışan ulduzlarıtək parıldayan duzların möcüzəvi mədəninin ikinci əsas dağ sexində girişdən 300 metr məsafədəki labirintəbənzər ərazisi 110 metr dərinlikdə 10 işlənmiş ştrixdə yerləşir. Qalınlığı 8,2 metrə çatan, tərkibi 98,4 faiz natrium-xlor, 0,04 faiz kalsium, 0,06 faiz maqnezium olan duz qatı təbiiliyi, bir də ki bənzərsiz şaxtaya mənsubluğu ilə şəfa saçır ətrafa. Təbiət bəxşişi olan bu yerdə ən maraqlısı isə budur ki, mərkəzdə gecə və gündüz havanın temperaturu dəyişmədən 18-20 dərəcəyə yaxın qalır. Elə buna görə də dünyanın tibb alimlərinin illərlə baş sındırıb ortaya çıxartdıqları dərman preparatları bu bir udum nəfəs – "duzlu nəfəs" qarşısında aciz qalır.

45 yaşlı şəfa ocağı

Tarixən Naxçıvan Duzdağının və duzunun əhəmiyyəti alimlərin elmi-tədqiqat obyektinə çevrilmiş, geniş arxeoloji tədqiqatlar aparılmış, duzdan səmərəli istifadənin yolları müəyyənləşdirilmişdir. Naxçıvan duzundan məişətdə, sənayedə, təbiətdə və tibdə geniş istifadə olunur. Təbii şəfa ocağı olan Duzdağ Fizioterapiya Mərkəzi səhiyyə turizmi üçün də perspektivlidir. Müalicə üçün mərkəzə hər il ölkəmizdən və xaricdən 4000-ə yaxın müraciət olur.

Mərkəz 1979-cu ildə 50 çarpayılıq Naxçıvan Fizioterapiya Xəstəxanası kimi fəaliyyətə başlayıb. 80-ci illərdə şəfa ocağında çarpayıların sayı 100-ə çatdırılıb. Ötən illər ərzində müalicəyə gələnlərin sayı artdıqca mərkəzin ərazisi də genişləndirilib. Yeraltı və yerüstü şöbələrin müasir səhiyyə müəssisəsinə çevrilməsi isə müstəqillik illərinin payına düşüb. Belə ki, 2004-cü ildə Duzdağ şaxtası müasir tələblərə uyğun yenidən qurulub, bir neçə il sonra yeni avadanlıqlarla təchiz edilərək çarpayıların sayı 250-yə çatdırılıb, Duzdağ Fizioterapiya Mərkəzi adlandırılıb. Hazır­da mərkəzin iki bölməsində 474 yer mövcuddur ki, bunun da 127 çarpayılıq bölməsi "Duzdağ" otelinin balansındadır. Burada həm də Duz muzeyi fəaliyyət göstərir.

Mərkəzin 4 qadın palatasında analarla yanaşı, həm də uşaqlar müalicə alırlar. Müraciət edənlərin sayı artdığından burada hər il palataların sayı da artırılır. Bu da yay mövsümündə mərkəzə müraciət edən pasiyentlərin yer­ləşdirilməsi üçün heç bir problem yaratmır.

Böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz

Duzdağ şaxtalarında mövcud olan hava şəraiti, buranın quruluşu, dəniz səviyyəsindən yüksəkliyi, temperatur, rütubət, atmosfer təzyiqi və oksigenin faizlə miqdarı bronxial-astma və allergik rinit, pollinoz, xroniki bronxit və astmatik komponentli digər xəstələrin müalicəsinin səmərəliliyinə şərait yaradır.

Müalicə kursu böyüklər üçün 20-24 seans, uşaqlar üçün 14-18 seansdır. Xəstələr axşam saat 6-dan səhər 8-dək şaxtada olurlar. 2-12 yaşlı uşaqlar gündüz, 12 yaşdan yuxarı uşaqlar isə gecə saat­larında müalicə alırlar. Bu müddət xəstəliyin ağırlığından, yanaşı gedən xəstəliklərdən, ümumiyyətlə, insan səhhətinin vəziyyətindən asılı olaraq dəyişilə bilir. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma müşahidə olunur.

Duzdağa tək ölkə vətəndaşları üz tutmur

Mərkəzdə yerli sakinlərlə yanaşı, ölkəmizin dəniz sahili və rütubətli bölgələri olan Bakı və Sumqayıt şəhərlərindən, Gəncədən və digər rayonlardan gələn xəstələr də müalicə alırlar. Şəfa ocağının sorağı ilə bura, həmçinin Rusiya Federasiyası, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və digər ölkələrin də vətəndaşları gəlirlər.

Naxçıvan Muxtar Respublikası ilə Gürcüstanın Acarıstan Muxtar Respublikası arasındakı ikitərəfli əlaqələrə uyğun olaraq 2012-ci ildən başlayaraq hər il Acarıstan Muxtar Respublikasının aztəminatlı ailələrindən olan və tənəffüs yolları xəstə­liklərindən əziyyət çəkən uşaqların Duzdağ Fizioterapiya Mərkəzində pulsuz müalicəsi təşkil edilir.
Hazır­da ölkəmizin sanatoriya-kurort ehtiyatlarından səmərəli istifadə etməklə əhalinin sağlamlığının qorunması əsas məqsəd kimi qarşıya qoyulub. Belə ki, "Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"nda da qeyd olunduğu kimi, kurort işi Azərbaycan Respublikasında dövlətin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Uzun illər ərzində bu sahədə aparılmış dövlət siyasəti nəticəsində inkişaf etmiş və kütləvi tələbatı ödəyən kurort kompleksi yaradılıb. 2018-ci ildən muxtar respublikanın digər səhiyyə müəssisələri ilə yanaşı, Duzdağ Fizioterapiya Mərkəzində də sanator-kurort müalicələrinə start verilib və əlilliyi olan şəxslərin 10 gün müddətində müalicə kursu keçməsi təşkil edilib. Müalicə prosesində təbii resurslardan istifadə öz bəhrəsini verməyə başlayıb. Odur ki, Duzdağa sanator-kurort yollayışları ilə göndərişlər də davam edir.

Qonaqlar və xəstələr əliboş qayıtmır

Burada kafe, istirahət otağı, kitabxana, mağaza müalicə alan pasiyentlərin ixtiyarındadır. Mərkəzdə həm də diqqəti hədiyyəlik əl işləri və yerli məhsulların sərgi-satışı guşəsi var. Torpağının altı da, üstü də sərvət olan muxtar respublikanın onlarla dərman bitkilərindən Şahbuz rayonunda fəaliyyət göstərən "Farma Şah" Məhdud Məsuliyyətli Cəmiyyətində istehsal olunan bitki çaylarının, keçi­buynuzu və tut bəkməzlərinin, "Badamlı" mineral sularının satışı təşkil olunub bu guşədə. Burada, həmçinin sal duzdan yonulub hazır­lanmış əl işləri də satılır ki, bu da, mərkəzə gələn xəstə və qonaqlarda qədim diyar haqqında xeyli təəssürat yaradır. Bütün bunlar muxtar respublikaya gələn turistlərin də ildən-ilə sayının artmasına səbəb olan və səhiyyə turizmini formalaşdıran amillərdir.

Süni duz otaqlarından dəfələrlə fərqli...

Müasir dövrümüzdə insanları sağlamlığına qovuşuşduran bu möcüzə qaynağı şəfa ocağı ilə yanaşı, bir çox məşhur klinikalarda duz otaqları da fəaliyyət göstərir. Bəli, süni şəkildə yaradılmış duz otaqları. Burada divarlar duz lövhələrlə hörülür, hər gün isə həmin otaqlara əlavə duzlu hava püskürdülür. İnsanlar şəfa tapmaq üçün xeyli xərc çəkib həmin otaqlardan istifadə etsələr də, o klinikalarda müalicə qiymət baxımından Duzdağ Fizioterapiya Mərkəzini xeyli üstələsə də, nəticə etibarilə, buradan çox aşağı səviyyədədir. Çünki duz insan orqanizminə təbii halda daxil olanda asanlıqla mənimsənilir və müsbət təsir göstərir. Elə bu səbəbdəndir ki, bir udum nəfəslə şəfa bəxş edən Duzdağın adı ölkə-ölkə dolaşır, dillər əzbərinə çevrilir.

Mətanət Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə