Müəllimi hər sınaqdan keçiririk, bircə qalıb narkotestdən keçirmək...!? - MÜTƏXƏSSİSLƏR DANIŞDI
Son zamanlar müəllim və şagirdlərin narkotestlərdən keçməsi ilə bağlı bir sıra məsələlər gündəmdədir. Bəs, müəllimlərin gələcəkdə bu testlərə məruz qalması nə dərəcədə düzgündür? Bu addım müəllimləri nüfuzdan salarmı? SİA mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.
Təhsil eksperti Nadir İsrafilov: “Bununla müəllimin onsuz da zədələnmiş nüfuzunu bir az da sarsıtmış olarıq. Məlumdur ki, dünyanın əksər ölkələrində narkotik maddələrə meyil artıb və bu hal heç də Azərbaycana da təsirsiz ötüşməyib. Bu isə, öz növbəsində, bu istiqamətdə aparılan mübarizə tədbirlərinin daha da gücləndirilməsini və narkomaniyaya qarşı daha sərt tədbirlər görülməsini qaçılmaz edir. O da birmənalıdır ki, narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısını almaq üçün bütün imkanlar səfərbər olunmalıdır. Eyni zamanda bildirilir ki, narkomaniyaya qurşananların sayı dayanmadan artır və daha çox azyaşlı yeniyetmələr bu iyrənc yola cəlb olunurlar. Artıq “Orta məktəb şagirdləri belə sürətlə bu sonu olmayan bəlaya düçar olurlar”, "Hazırda məktəblərin yuxarı siniflərində şagirdlər arasında narkotiklərin yüngül növündən istifadə edənlər var" kimi fikirlər səsləndirilir, “Orta təhsil müəssisələrində 7-ci sinifdən 11-ci siniflərədək, ali təhsil müəssisələrində isə birinci kurslardan magistr tələbələrinə qədər hər bir şagird və tələbələrdən hər 3 aydan bir narkomaniyanı müəyyənləşdirən analizlər, narkotestlər götürülsün” kimi təkliflər irəli sürülür. Bununla belə əks arqumentlər gətirərək bunun əleyhinə çıxanlar da var.
Məsələ Milli Məclisdə müzakirələr səviyyəsinə belə qaldırılıb. “Bu cür narkotestləri nəinki təhsil müəssisələrində, həmçinin, digər böyük müəssisələrdə də tətbiq etməklə təbii yolla insanlarımızı bu uçurumdan qurtara bilərik” kimi fikirlərlə əsaslandırılıb, orta məktəb şagirdləri arasınd narkotik maddə istifadəçilərinin olması barədə rəsmi məlumatlar olduğu həmçinin dünyanın bir çox ölkələrində bunun qanunvericilikdə öz əksini tapması xüsusi vurğulanıb. İş o yerə çatıb ki, “Müəllimlər və 11-ci sinif şagirdləri narkotestdən keçsin” kimi təhlükəli tendensiya da ortalığa atılıb. Narkomaniyaya qarşı mübarizə aparaq, ən sərt cəza tədbirlərinə əl ataq, lakin xahiş olunur, məktəbi, müəllimi bu məsələyə qatmayaq. Məktəbi hər sıradan olan hadisədə günahlandırırıq, müəllimi hər sınaqdan keçiririk, bircə qalıb narkotestdən keçirmək...!? Bu nə deməkdir? Bu, o deməkdir ki, onsuz da hörmətdən, gözdən saldığımız məktəbi bir az da hörmətdən salmaq. Bu, o deməkdir ki, onsuz da zədələnmiş müəllim nüfuzunu bir az da sarsıtmaq.
Bu, tarixən müqəddəs və şərəfli peşə sahibi hesab etdiyimiz müəllimdən narkoman obrazı yaratmaq üçün kimlərəsə əsas vermək deməkdir. Bu, narkomaniyanın öcağını, küçə və tinlərdə axtarmaq yox, məktəbdə axtarmaq deməkdir. Bu, az sayda rast gəlinən halları süni surətdə kütləviləşdirmək cəhdi deməkdir. Ən nəhayət, bu, el dilində desək, dəlinin yadına daş salmaq deməkdir. Gəlin, müəllim və şagirdləri narkotik testdən keçirmək əvəzinə, bunun verə biləcəyi əks effektləri barədə düşünək ki, sonradan yeni yarana biləcək fəsadlarla üzləşməyək...”.
Təhsil eksperti Kamran Əsədov: “Hal-hazırda ölkənin 4 min 432 orta ümumtəhsil məktəbində 150 min müəllim çalışır. Orta ümumtəhsil məktəblərində tədrisin təşkili ilə məşğul olan bütün müəllimlər işə qəbul olanda tibbi müayinədən keçirlər və həmçinin təkcə sağlamlıq haqqında kağız təqdim etmirlər, onlar hər 6 aydan bir mütləq şəkildə sağlamlıq müayinəsindən keçirlər. Yəni, müəllimlərin daha çox psixoloji vəziyyəti, eyni zamanda, fiziki vəziyyətləri mütləq şəkildə yoxlanılır. Çünki bu gün orta ümumtəhsil məktəblərində çalışan müəllimlərin hər biri ən azı ayda bir dəfə psixoloji müayinədən keçməlidir. Onlar hər gün müxtəlif temperamentə malik olan uşaqlarla işləyirlər və əhalinin sağlamlığının təmin olunması, hətta müxtəlif infeksion, parazit xəstəliklərin yayılması təhsil müəssisələrində daha çox baş verə bilər. Çünki orada müxtəlif ailələrdən gələn insanlar var. Yəni, təkcə bizim 4 min 432 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird var və onlar evlərinə müəyyən xəstəliklərin potensial daşıyıcısı olaraq müəllimlərdən keçirə bilərlər. Ona görə də yəni müxtəlif sosial sahədə çalışan şəxslər, xüsusən müəllimlər mütləq şəkildə əhali ilə ən çox ünsiyyətdə olan şəxs olduqları üçün onların mütəmadi müayinədən keçirilməsinə ehtiyac var. Düzdür, mövcud qaydalara görə ən azı 6 aydan bir, amma ildə 1 dəfədən az olmamaq şərtilə müəllimlər tibbi müayinədən keçməlidirlər. Amma etiraf edək ki, bu məsələ yaxşı təşkil olunmur. Tək-tək hallarda keyfiyyətli yerinə yetirilir. Yəni bir çox hallarda simvolik bir dənə arayış almaqla iş bitmiş hesab olunur. Çünki həkim müəllimin tibbi arayışına formal qol çəkib möhür vurur. Amma həqiqi tibbi müayinədən keçməyən müəllimləri dərsə buraxmaq olmaz. Yəni, onlar müəyyən qədər uşaqlara da xəstəlikləri potensial daşıya bilərlər və mən düşünürəm ki hər bir müəllim dərs ilinin əvvəlində tibbi, psixoloji müayinədən keçməli və ondan sonra işə başlamalıdır.
Mən hesab edirəm ki, tibbi müayinənin tərkibinə ancaq psixoloji və hansı bir testdən keçmə daxil olmamalıdır. Biz psixoloji müayinədə ümumi tibbi müayinələri də aparmalıdır. Yəni bu zəruridir. Çünki psixoloji durumu zəif olan insanlar tədris mühitində keyfiyyətli dərs keçə bilmirlər, müəyyən gərgin vəziyyət yaradırlar və hətta etiraf edək ki, son dövrlərdə müəyyən xəstəliklər gəncləşib. Mən hesab edirəm ki, mütləq şəkildə nəzarət olunmalıdır. Düzdür hər bir məsələyə dövlətin nəzarət etməyə imkanı yoxdur. Bu sahədə vətəndaş cəmiyyətləri nəzarət etməlidirlər və müəllim vəzifəsinə qəbul zamanı, həmçinin, müəllimin tədrisin təşkili zamanı onun sağlamlığına, psixoloji durumuna xüsusi diqqət yetirməyə ehtiyac var. Artıq ölkədə tibbi sığorta var və müəllimlər özləri də tibbi müayinədən pulsuz keçirlər. Ayrıca narkoloji narko testdən keçməyə məncə ona ehtiyac yoxdur. Amma müəllimlər arasında indiyə qədər demək olar ki, belə bir hala rast gəlinməyib ki onların hər hansısa bir formada narkotikdən istifadə etməsi müşahidə olunsun. Amma bütün hallarda lazımdır. Çünki onlar gənc nəsillərlə işləyirlər. Yəni narkoloji testin aparılması hər halda müəllimin biraz etik davranış qaydalarına və müəllimlik peşəsinə o qədər də uyğun deyil. Mən hesab edirəm ki, biz müəllimlərimizə biraz bu formada yanaşmamalıyıq. Amma bütün hallarda uşaqlarla işlədiyini nəzərə alsaq, uşaqların sağlamlığı baxımından da narkotestdən də ən azından ildə bir dəfə keçməsi normal olardı”.
Psixoloq Leyla Əli: “Əgər xüsusi hal baş verməyibsə, düşünmürəm ki, müəllimlərin kütləvi şəkildə narkoloji testdən keçməsinə ehtiyac var. Adətən, belə hallar xüsusi vəziyyətlərdə yaranır. Yalnız şübhə doğuran məqamlar baş verdikdə, hansısa bir təhsil ocağında hansısa bir təhsil müəsissəsində konkret fakt aşkarlanırsa bu zərurət yarana bilər. Amma ümumiyyətlə son dövrlər narkotiklə mübarizəyə dair fəaliyyətin genişlənməsini müsbət hal hesab edirəm. Bu tədqirə layiqdir. Çünki cəmiyyətimizin bəlasından yalnız müəllimlər, şagirdlər, təhsil işçiləri deyil bütün fəaliyyət sahələrində çalışanlar, ümumiyyətlə bütün vətəndaşlarımız qorunmalıdır. Mübarizə tədbirləri gücləndirilməlidir. Biz bəzən şagirdlər arasında da bu halların baş verdiyi ilə bağlı xəbərlər alırıq. Belə hallara dərhal reaksiya verilməsi çox önəmlidir. Düşünürəm ki, burada ailə, təhsil müəssisəsi və digər müvafiq hüquq-mühafizə orqanları ilə birlikdə vətəndaş cəmiyyətləri institutları da birlikdə fəal və davamlı fəaliyyət göstərməlidirlər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə