Gənclər Formula 1 barədə nə düşünür? - SORĞU

Hər il olduğu kimi bu il də Azərbaycanda Formula 1 yarışları keçiriləcək. Aprel ayının son 3 günündə təşkil olunan Formula 1 Qran Prisi həm yerli vətəndaşlar, həm də ölkəmizə gələn turistlər üçün çox əyləncəli və möhtəşəm keçəcək. Şəhərin əsas mərkəz hissələrində yarışları daha yaxından izləmək üçün tribunalar təşkil olunub. Formula 1 yarışları ölkəmizə necə təsir edir? Gənclərimiz Formula 1 yarışları barədə nə düşünür? Mövzu ilə əlaqədar olaraq SİA gənclər təşkilatları arasında sorğu keçirib.

"İrəli" İctimai Birliyinin əməkdaşı Zümrüd Musayeva: "Ölkəmiz son illərdə onlarla nüfuzlu idman tədbirlərinə ev sahibliyi edir. İlk Avropa Oyunları, İslam Həmrəylik Oyunları, Avropa Gənclər Olimpiya Festivalı, "Formula-1" Azərbaycan Qran Prisi kimi dünyamiqyaslı yarışların təşkilinin bir çox müsbət tərəfləri var. İlk olaraq onu qeyd etməliyik ki, belə tədbirlərin təşkili ölkəmizin gündən-günə artan beynəlxalq nüfuzu və dövlətimizə olan böyük etimadla bağlıdır.

28-30 aprel tarixləri arasında Bakı şəhərində 7-ci dəfə təşkil olunacaq «Formula 1» Azərbaycan Qran Prisi ölkəmiz üçün yüksək turizm potensialı formalaşdırmasıyla yanaşı, həmçinin gənclərimiz üçün də müsbət imkanlar yaradır. Tədbirin təşkilinə gənclərimizin könüllü fəaliyyətləri ilə öz dəstəklərini göstərməsi onların asudə vaxtının səmərəli təşkili ilə yanaşı təcrübə toplamalarına şərait yaradır. Bu kimi idman tədbirlərinin ölkəmizdə keçirilməsi gənclər arasında idmana marağın artırılmasına və sağlam həyat tərzinin formalaşmasına stimul olur".

"Davam" Gənclər Hərəkatının PR və Media məsələləri üzrə katibi Lumu İsrəfilli: “Məlumdur ki, bu il Azərbaycan növbəti dəfə mötəbər beynəlxalq idman yarışına ev sahibliyi edəcək. Dünyada böyük sayda tamaşaçı auditoriyası tərəfindən izlənilən Formula 1 yarışlarının 2016-cı ildən etibarən, məhz paytaxt Bakıda keçirilməsi parlaq idman ənənələrinə malik ölkəmizin idman dövləti olaraq güclü potensiala malik olduğunu, beynəlxalq idman aləmində qazandığımız uğurları bir daha dünya ictimaiyyətinə nümayiş etdirir. Artıq Bakı şəhər halqası Formula 1 üzrə dünya çempionatının ən gözəl treklərindən biri hesab olunur. Yarışların Azərbaycanda təşkili dünya əhalisinin əksəriyyətinin paytaxtımızda gedən inkişafla yaxından tanış olmasına, öz növbəsində turist axınının təmin edilməsinə və turizm potensialının genişlənməsinə gətirib çıxarır. Əminliklə deyə bilərəm ki, ölkəmiz öz inkişafı və belə beynəlxalq yarışların yüksək səviyyədə təşkili ilə dünyaya örnəkdir”.

Bakı Dövlət Universiteti Tələbə Həmkarlar ittifaqı komitəsinin sədri Hacıbaba Mustafayev: “Azərbaycanda 2016-ci ildən etibarən Formula 1 yarışlarının keçirilməsi, əsasən, azərbaycanlı gənclərin beynəlxalq təcrübə qazanmasına şərait yaradır. Yəni, gənclərimiz ölkədən kənara çıxmayaraq Formula 1 heyəti ilə tanış olmaq imkanı qazanır. Təbii ki, bu cür yarışlar sayəsində bizim ölkəmizə çoxlu sayda turist axın edir. Formula 1 dünya ölkələri arasında yetərincə tanınmış bir yarışdır. Digər tətəfdən belə yarışlar ölkə mediası üçün də çox yaxşı sınaqdır. Formula 1 yarışlarının Qran Prisləri fərqli ölkələrdə keçirilir. Bizim mediamızda bu cür yarışları cəmiyyətin diqqətinə çatdırmaq üçün xarici təcrübələrdən yararlanaraq həyata keçirir. Azərbaycan dünyada kifayət qədər tanınır, lakin bu cür yarışların ölkəmizdə keçirilməsi yarış planında bizi daha çox önə çıxarır”.

Dillər Universiteti Tələbə Həmkarlar ittifaqı komitəsinin sədri Zəhra Hüseynova: “Düşünürəm ki, Formula 1 yarışları ölkəmizdə keçirilməyə başladığı ildən etibarən ölkəmizin gənclər həyatı, iqtisadi həyatı və xarici dövlətlərlə əlaqələri gözlə görünür dərəcədə inkişaf etmişdir. İstər xarici qonaqların ölkəmizdə qarşılanması, onların ölkəmizdə keçirdyi vaxtın səmərəli təşkilinin həyata keçirilməsi, istərsə də bu dövr ərzində təşkil olunan tədbirlər və s. bilavasitə ölkəmizin gəncləri sayəsindədir. Artıq bir neçə ildir ki, yarışlar keçirilən ərəfədə ölkəmizin gəncləri könüllü kimi yarışların gedişatında aktiv şəkildə iştirak edir və özlərini çox inkişaf etdirirlər. Bu səbəbləri göz önündə canlandırmaq, Formula 1 yarışlarının təşkilini çox müsbət qarşılayır və bu tip dünyəvi yarışların tez-tez təşkil olunmasının tərəfdarıyam”.

ADPU TGT sədri Təhmasib İmaməliyev: “Cənubi Qafqazın lider dövləti olan Azərbaycan Respublikası müstəqilliyini əldə etdiyi gündən bu günə qədər bütün istiqamətlərdə davamlı, dinamik inkişaf modelini ortaya qoyub. Ölkəmiz bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Belə yüksək səviyyəli tədbirlərin ölkə ərazisində keçirilməsini şərtləndirən mühüm amillərdən biri ölkəmizdə etibarlı sabitlik və təhlükəsizlik mühitinin mövcud olmasıdır. Formula-1 yarışları da məhz o ölkə və şəhərlərdə keçirilir ki, orada iqtisadi inkişaf, stabillik, infrastrukturun mövcudluğu, logistika və bir çox məsələlər yüksək səviyyədədir.

Məncə, ilk olaraq qeyd etməliyik ki, Azərbaycanda keçirilən irimiqyaslı tədbirlər turizmin təbliğatı baxımdan olduqca önəmlidir. Formula-1 yarışı dünyada həm televiziya, həm də tamaşaçı auditoriyası olan və böyük maraq doğuran idman növlərindən biridir. Formula-1 və bu kimi yarışlarda dünyanın bir çox yerindən ölkəmizə tamaşa edirlər. Bu da gələcəkdə Azərbaycana turist cəlb etmək baxımından vacib əhəmiyyət daşıyır. Bu yarışlar böyük kütlə üçün Bakının, Azərbaycanın turizmini gündəmə gətirir. Beləliklə, idman azarkeşləri üçün Bakı yeni turizm məkanına çevrilir. Mənim fikrimcə, turizmin inkişafı ilə yanaşı eyni zamanda Formula-1-in təşkilində könüllülərin formalaşmasını da əhəmiyyətli hesab edə bilərik. Belə ki, Azərbaycanın böyük meqalayihələrin gerçəkləşməsində formalaşmış peşəkar mütəxəssislərin mövcudluğunun dünyaya bir nümayişidir. Bu da cənab Prezidentimizin ölkəmizin idman siyasətinə olan diqqətinin göstəricisidir. Bildiyimiz kimi, 2015-ci ildə Azərbaycanda 1-ci Avropa oyunları keçirilmişdir. 2017-ci ildə İslam həmrəyliyi oyunları, ondan əvvəl Avroviziya mahnı müsabiqəsi və eyni zamanda digər tədbirlər də, müxtəlif idman növləri üzrə Avropa və dünya çempionatları, futbol üzrə Avropa çempionatının bir neçə oyunlarının, Avropa liqasının finalının Bakıda keçirilməsi onu göstərir ki, məhz ölkə başçısının rəhbərliyi ilə belə mötəbər tədbirlərin keçirilməsi üçün ölkəmiz artıq ən əlverişli şəraiti olan ölkələrdən birinə çevrilmişdir. Ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsi hər bir Azərbaycan vətəndaşı üçün qürurverici bir haldır”.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə