Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü Hacı Surxay Məmmədlinin SİA-ya verdiyi müsahibəni təqdim edirik:
- İnsanlar hansı yaşa qədər oruc tuta bilər?
- Qızlar 9 yaşdan sonra, oğlanlar isə 15 yaşdan sonra oruc tuta bilərlər. Lakin oruc tutmaq üçün heç bir yaş həddi yoxdur. İnsanın nə qədər ki, sağlamlığı oruc tutmağa icazə verirsə, o həddə qədər oruc tuta bilər. Misal olaraq elə insan var ki, 70-80 yaşı var və onun sağlamlığı yerindədir, özünü idarə edə bilir buna görə də öz orucunu vaxtı-vaxtında tuta bilir. İnsanın sağlamlığı ilə bağlı heç bir problem yoxdursa ömrünün sonuna qədər oruc tuta bilər.
- Hansı hallarda insanlara oruc tutmaq olmaz?
- Allah-təla Qurani-Kərimdə buyurur ki, xəstə olarkən və ya səfərə çıxarkən siz oruc tuta bilməzsiniz. Bəs belə olan təqdirdə nə etmək lazımdır? Gün ərzində yediyiniz qidaların xərcini hesablayırsınız və o pulla hər hansısa yardıma ehtiyacı olan insana yardım edə bilərsiniz. Ramazan bitəndən sonra xəstəliyiniz düzələrsə kəffarə orucu tuta bilərsiniz.
- Bəzi valideyinlər öz övladlarını oruc tutmağa vadar edir. Bu nə dərəcədə düzgündür?
- İslam dinində məcburiyyət və zorakılıq yoxdur. Hər bir kəs rasional məntiqlə qərar verməyi bacarmalıdır. İnsanları məcbur şəkildə ibadət etdirmək olmaz və zorakılıq tətbiq etməklə nəyisə aşılamaq düzgün deyil. Xüsusilə də valideyinlər öz övladlarından məcburiyyətlə namaz qıldırmaq və oruc tutmağı tələb edirlər bu heç bir halda qəbul olunan bir şey deyil. Bu çox yanlış bir düşüncədir. Yalnız və yalnız valideyinlər öz uşaqlarını dinimiz barədə məlumat verib maarifləndirməlidir.
- İnsan oruc tutarkən hansı qaydalara əməl etməlidir?
- İnsan oruc tutarkən ilk növbədə bədən üzvlərini günahlardan qorumalıdır. İnsanın tək cismi ilə deyil ruhu da oruc olmalıdır. Oruc tutan insan gözünü zinadan, qulağını qeybətdən, əlini haramdan çəkindirməlidir. Həmçinin oruc tutan insan yalan danışmamalıdır. Bu qaydaları pozan şəxslər orucun əməllərinə mənfi təsir bağışlayır.
- Azərbaycanda oruc tutmaq qaydası digər müsəlman ölkələri ilə müqayisədə nə ilə fərqlənir?
- Fikrimcə, Azərbaycanda oruc tutmaq qaydası digər müsəlman ölkələri ilə fərqlənmir. Çünki Ramazan ayı yeganə aydır ki, Allah-təla bu ayı Qurani-Kərimdə buyurur və bütün dünya müsəlmanlarına şamil edilir. Təbii ki, ərazi olaraq coğrafi təqvim önəmlidir. Digər müsəlman ölkələri ilə hətta öz bölgələrimizlə də Bakı iftar və sahur dəqiqələrinə görə fərqlənir. Lakin başqa bir fərq yoxdur.
- Ramazan ayında insanlar savab qazanmaq üçün nə kimi əməllər etməlidir?
- Savab yaxşı əməl hesab olunur. Buna görə də çalışdığımız qədər təkcə Ramazan ayında deyil, digər zamanlarda da yaxşı sözlər danışmaq, böyüklərin qayğısına qalmaq, yetimlərə əl tutmaq, uşaqlara nəvaziş göstərmək, qəlb sındırmamaq, ehtiyacı olan insanların yanında olmaq, valideyinlərlə görüşmək və ya dünyasını dəyişənlərin isə qəbirlərini ziyarət etmək bütün bunlar savab hesab olunur.
- Hamilə qadınların oruc tutması nə dərəcədə düzgündür?
- Hamilə qadınlar bətnində olan uşağa ziyan verməyəcəksə və onun inkişafına zərər gətirməyəcəksə oruc tuta bilər. Əks təqdirdə isə hamilə qadınlar oruc tutmamalıdır. Belə olduğu təqdirdə də yediyi qidaların hesabına başqa yardıma ehtiyacı olan insanlara fitrə verməlidir. Hamiləliyi bitdikdən sonra isə orucunu tutmalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB